Xəbər verirldiyi kimi Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Maraqlıdır ki, “Plyonka” ilə bağlı yeni hazırlanacaq qaydanın mahiyyəti, nədən ibarət olduğu, bir sözlə detalları haqda məlumat verilməyib.
Amma məlum layihənin müvafiq qurumlar tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi üçün 2 ay vaxt istənilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə “Yol hərəkəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə “plyonka” barədə artıq dəyişiklik edilib:
“Pərdə, “plyonka” məsələsi bitmək üzrədir. Sadəcə Milli Məclis qanun qəbul edəndə belə bir müddəa qoydu ki, bununla bağlı Nazirlər Kabineti öz təkliflərini verməlidir. Təklif nədən ibarət olacaq, onu yaxın vaxtlarda görəcəyik. Əslində bu məsələni çox uzadırlar. İnanın ki, dünya səviyyısində pərdə, “plyonka” məsələsi yol hərəkəti təhlükəsizliyi baxımından yanaşsaq, ən sonuncu və mənasız məsələdir.
Bizim cəmiyyətdə isə illərdir müzakirə olunur və bu problemdən danışılır. “Yol hərəkəti haqqında” qanunda edilən dəyişiklikdən sonra ölkə başçısı həmin layihəni təsdiqləyib.
Layihəyə görə avtomobilin arxa qapı şüşələrinə pərdə, “plyonka” və jalüz vurula bilər. Əvvəl bu qadağan idi. Mayın 1-dən və noyabrın 5-dən icazə verilirdi. Beynəlxalq konvensiyalar və qanunlar öyrənildi. Məlum oldu ki, əslində belə olmamalıdır və dünya ölkələrinin heç birində belə bir məhdudiyyət mövcud deyil. Çünki avtomobil zavod tərəfindən istehsal olunanda üzərində pərdə çıxır. Hər bir avtomobilə istehsalçı zavod tərəfindən künc şüşə qoyulur. Bunu Azərbaycana gətirib əlavə olaraq o şüşələri tündləşdirirlər ki, hansısa avropalı, istehsalçı düzgün eləmir. Şüşə tünd olmamalıdır. Zavod bunu belə istehsal edir və elə də sürülməlidir. Burada nə problrm var ki? İndi o məsələləri sadəcə qaydasına qoymaq istəyirlər”.
Ekspert qeyd edib ki, sözügedən qaydanı bu dərəcədə qloballaşdırmağa və layihənin hazırlanması üçün 2 ay vaxt verilməsinə ehtiyac yoxdur:
“Nazirlər Kabineti 2 aya nəyi araşdıracaq? Nə qərar qəbul edəcək? Ortada standartlar və “Yol hərəlkəti haqqında” qanun var. Bilirik ki, avtomobilin ön şüələrinə pərdə və “plyonka vurmaq qadağandır. Burada hansısa qlobal problem yoxdur. İnsanlar narahatdır, hamı düşünür ki, 500, 300, 50 manat verib avtomobilinin şüşələrinə çəkdikləri “plyonka”lar söküləcək.
Qanunla avtomobilin arxa şüşələrinə pərdə və “plyonka”lara icazə verilibsə, hansı qaydalar dəyişir? İndi insanlar oturub gözləyirlər ki, o “plyonka”ları sökəcəklər, ya qalacaq?
Yəni ortalığa lazımsız və mənasız bir müzakirə çıxıb. Heç kimin maşınının “plyonka”sı sökülməyəcək. Sadəcə sürücülər bilsinlər ki, pərdə, jalüz və “plyonka” yalınız arxa şüşələrə vurula bilər. Qalan digər hallarda bu qaunsuzdur və 150 manat cərimə yaradır”.
Alçina Amilqızı, Bizim.Media