Bu gün növbəti köç karvanı ilə Laçının Sus kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Bununla da Sus kəndində 59 ailənin və ya 215 nəfərin məskunlaşması təmin edilib.
*** 16:11
Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üzrə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında müxtəlif bölgələrdən yola salınan ailələr doğma kəndlərinə çatıblar.
Bizim.Media xəbər verir ki, Sus kəndi bu dəfə 39 ailə olmaqla, 140 sakinini qarşılayıb.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın rayonunun Sus kəndində 59 ailə, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Sus kəndində məskunlaşması üçün bütün şərait yaradılıb.
Bizim.Media