Bu gündən öz işinə başlayan III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında yazar Əli bəy Azərinin və şair Lətifə Rəşidin kitabları təqdim olunub.
Bizim.Media xəbər verir ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı”, “Nə deyim”, “Bizi ümidsiz qoyma” adlı əsərlərindən ibarət kitablar oxucuların marağına səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Şair Gəray Göyyurdun kitabları oxuculara TƏQDİM OLUNDU - FOTO
Əli bəy Azəri saytımıza açıqlamasında kitablarının əsasən Vətənimizin keşiyində duran sərhədçilərimizin həyatına həsr olunduğunu deyib.
Həmçinin şair Lətifə Rəşidin geniş ictmaiyyət üçün nəzərdə tutulan şeir kitabları oxucuların diqqətinə çatdırılıb. Onun “Susqun könüllər” kitabında 51 şəhid haqda informasiya və onlarla bağlı şeirlər toplanıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.
Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.
Bizim.Media