1524-cü ilin bu günündə fateh, Səfəvilər İmperiyasının qurucusu, incə ruhlu şair Şah İsmayıl Xətai 37 yaşında vəfat edib. 1524-cü ilin baharında, Novruzdan az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Saysız-hesabsız vəhşi heyvanları Şahdağda ovlayıb, Ərdəbilə geri qayıtmaq üçün yola düşür. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yollanır.
Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyanda onun cəmi 14 yaşı vardı.
Şah İsmayıl bütün türkləri birləşdirmək istəyən bir şəxsiyyət olub. Təkcə Anadoluya getməyib, Dərbəndə, Əfqanıstana qədər gedib çıxıb. Asiyadakı, Anadoludakı türkləri birləşdirmək onun ali məqsədi idi.
Ona görə də tarix boyu Şah İsmayıl ehtiramla yad ediləcək, onun böyük ideyaları təbliğ olunacaq. Amma tarixdən ibrət götürmək üçün böyük fatehin yanlışlarından nəticə çıxartmaq hər birimizin borcudur.
Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələlərin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş padşahı” deyə qeyd olunur.
Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı.
O, dövlət dilini türk dili etdi. Üstəlik, türk dilində əsərlər yaradaraq bu gündə əsl türk sənəti olan qədim ozanlıq inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsinin olduğu da deyilir. Özü sazda ifa edib oxuyurdu.
Şah İsmayılın banisi olduğu Səfəvilər dövləti tarixdə qurulan ən türkçü dövlətlərdən biri idi. Hətta Səfəvilər dövlətinə Turanı diriltməyə çalışan Əfrasiyab nəsli deyilirdi. Şah İsmayıl öz əsərlərini türkcə yazıb və əsərlərində türkü mələyə bənzədib. O dövrdə digər türk dövlətləri artıq türklüklərini itirirdi. Şah I İsmayılın zamanında Azərbaycanın bütün ticarəti yalnız türklərin əlində idi.
Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə, elə bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb.
Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb.
Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi.
Bəs, Şah İsmayılın xətası nə idi?
1. Onun yaratdığı Səfəvi dövləti sufi dövləti idi. Sufi olan Şah həm də təriqət rəhbəri idi. Şah İsmayıl bütün varlığı ilə Allaha və Əhli-Beytə bağlı idi. Niyyət türkləri birləşdirmək, dünyanı türklərin nəzarətinə vermək olsa da məqsədə gedən yolda dini təriqətçilik ona mane oldu. Məhz bu təriqətçilik onun sonunu gətirdi.
2. Şah İsmayılın ikinci yanlışı o idi ki, bəzi xristian dövlətlərinə çox inanırdı. Və bu xristian dövlətləri də iki türk imperiyasının birləşməsinə əngəl oldu. Tarixi mənbələrdə qeydlər var ki, Şah İsmayı Çaldıran döyüşü ərəfəsində Bizansla ciddi və gizli yazışmalar aparırdı.
Halbuki, o illərdə Bizansın sadəcə adı vardı. Avropanın xristian dövlətləri sözdə Şah İsmayılı dəstəkləsələr də reallıqda Sultan Səlimi ən müasir silahlarla təchiz edirdilər. Məhz Səfəvilərin məğlubiyyətinə də xristian dövlətlərinin Sultan Səlimə verdiyi ağır toplar səbəb oldu.
3. Şah İsmayıl Çaldıran döyüşündə taktikanı düzgün seçməmişdi. O zamanlar Osmanlı dövlətində mühəndislik, silah istehsalı çox yüksək səviyyədə inkişaf etmişdi. Səfəvilərdəki türklər isə daha çox at minməyi, qılıncla savaşmağı yaxşı bacarırdı.
Osmanlı ordusu Çaldıran döyüşünə səhra topları ilə gəlmişdi və Səfəvi ordusunun isə bir dənə də olsun topu yox idi. Qılınc və qalxanla döyüşə girən səfəvi döyüşçülərinin atları top səslərindən ürkərək mizanı pozdu və məğlubiyyətə yol açdı.
4. Şah İsmayılın daha bir yanlışı Çaldırana tam döyüş hazırlığı ilə getməməsi idi. O Sultan Səlimlə son anda belə ortaq dil tapacaqlarına ümid edirdi. Ona görə də Şah İsmayıl Osmanlı ordusunun qarşısına ailə üzvləri ilə birgə çıxmışdı. Və nəticədə bu savaşda Şah İsmayıl ən yaxınlarını itirdi.
Canından çox sevdiyi həyat yoldaşı Taclı Xatunsa əsir edildi. Bu hadisə Şah İsmayılı çox sarsıtdı. Və ölənə qədər sarayın bir guşəsinə çəkilib qəmli şerlər yazdı və bir daha əlinə qılınc almadı.
5. Qoşun başçılarının Sultan Səlimin qoşununa gizlin hücum təklifinə “Mən karvan basan quldur deyiləm!” deyə cavab verən Şah Xətai Osmanlı ordusunun Avropadan aldığı toplardan istifadə edərək ona atəş açmasını namərdlik kimi qəbul etdi. O, feodal dövrün qaydalarına uyğun olaraq “kişi kimi döyüşmək” istəyirdi.
Deyilənə görə, o hətta Osmanlı pəhləvanının təkbətək döyüş təklifini qəbul edir və onu qılıncı ilə iki yerə bölür. Bu görən osmanlılar toplardan atəş açmağa başlayırlar. Atəş nəticəsində Xətainin atı ölür, özü isə yaralanır. Bu azmış kimi sadəlöhvcəsinə yaralı-yaralı topun üstünə hücum çəkir, qılıncını tunc lüləyə necə çalırsa, yarıyacan topa yeriyir...
Çaldıran döyüşündən sonra Şah İsmayıl peşimanlığını belə dilə gətirir:
‘’Mən Teymur olmağı istəmədim. Səlim kimi davranmağı istəmədim. Adı Səfəvi də olsa, Osmanlı da olsa nə? Türkü türkə qırdırmağı istəmədim. Teymurun əsir aldığı otuz min Osmanlını Teymurun əlindən qurtaran atalarım vaxtilə onları sərbəst buraxıb yurdlarına göndərmişdi.
Bəs Səlim nə etdi? Duz-çörək haqqını unudub, öncə Çaldıranda otuz min igidimə qıydı, sonra şəhərimdən, yurdumdan sənətkar adamlarımı toplayıp getdi. Bu yetmədi, hərəmimizi də aldı.
Taclı Xatunumu, gözümüm nurunu götürdü. Ruhumu sökdü, canımı aldı. Ta Orta Asiyadan bu yana sahib çıxdığımız dəyərlərimizi yıxdı. Türklüyümüzü, adət-ənənəmizi, şaman kökümüzü Qum mollalarının Sünni müsəlmanlığına fəda etdi…’’
Bütün bunlara rəğmən tarixə bir Türk İmperiyasının adını yazdı. Azərbaycan dilini bu imperiyanın rəsmi dövlət dili elan etdi. Bundan başqa o öz dövründə əsrlər boyu mövcud olan bir mifi dağıtdı.
Belə ki, əsrlər boyu belə bir fikir formalaşmışdı ki, qəzəl-şeiriyyət dili fars dilidir.
Amma Xətai bu mifi dağıtdı və Azərbaycan dilində qəzəllər yazdı. Ondan sonra gələn Məhəmməd Füzuli isə bu cığırı böyük bir yola çevirdi.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 23.05.2024
Şah İsmayılın vəfatından 500 il ötür... – Xətai ilə bağlı MARAQLI FAKTLAR
Hazırda oxunan: Şah İsmayılın vəfatından 500 il ötür... – Xətai ilə bağlı MARAQLI FAKTLAR
Hazırda oxunan: Şah İsmayılın vəfatından 500 il ötür... – Xətai ilə bağlı MARAQLI FAKTLAR
193679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.