1993-cü ildə şəhid olaraq itkin düşən Nuriyev Şöhrət Telman oğlunun meyitinin qalıqları Ucarın Əlikənd kəndində torpağa tapşırılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əvvəlcə kənddə şəhidlə vida mərasimi təşkil olunub.
Şəhidlə vida mərasimindən sonra cənazə namazı qılınıb, sonra isə onun meyitinin qalıqları Əlikənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Nuriyev Şöhrət Telman oğlu 1969-cu il 17 iyun tarixində Ucarın Əlikənd kəndində anadan olub.
Orta təhsilə Mərdəkan qəsəbəsində yerləşən 12 saylı məktəbdə başlayıb və 8-ci sinfə qədər orada oxuyub. Sonradan doğulduğu Ucarın Əlikənd kəndinə qayıdaraq orta məktəbi orada başa vurub. 1987-89-cu illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçib, 1992-ci ildə gedən Qarabağ döyüşlərinə könüllü olaraq qatılıb.
1993-ün fevralında yaralanaraq evə qayıdıb, lakin qısa zamanda özünü yaxşı hiss edən kimi yenidən səngərlərə dönüb.
1993-cü il aprelin 18-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lakin təəssüflər olsun ki, uzun müddət şəhidimizin nəşi Gəncə şəhər şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub. Nəhayət 31 ildən sonra şəhid Nuriyev Şöhrət Telman oğlunun nəşi tapılıb aşkarlanaraq doğulduğu Ucar rayonunun Əlikənd kənd qəbiristanlığında son mənzilə yola salınıb.
Bizim.Media, Aran bürosu