Gəncədə 60 illik musiqi məktəbinin binası necə ÖZƏLLƏŞDİRİLİB? – DETALLAR 

Gəncədə 60 illik musiqi məktəbinin binası necə ÖZƏLLƏŞDİRİLİB? – DETALLAR 

Hazırda oxunan: Gəncədə 60 illik musiqi məktəbinin binası necə ÖZƏLLƏŞDİRİLİB? – DETALLAR 

193496

Gəncə şəhərində 1959-cu ildən fəaliyyət göstərən Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbi özəlləşdirilib.

2007-ci ildən özəlləşdirilən məktəbin 16 sinif otağı məhkəmə çəkişməsindən sonra boşaldılıb. Bu haqda məhkəmə qətnamə qəbul edib və qərar icra olunub.

Sinif otaqlarının boşaldılması isə məktəbdə təhsil alan, imtahana hazırlaşan şagirdləri və valideynlərini narahat edib. Onlar uzun illər həmin binada övladlarının musiqi təhsili aldıqlarını və hazırda imtahanlara hazırlaşdıqlarını bildiriblər.

Məlumata görə, məktəb binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb və iddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin məlumatına görə, Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin sinif otaqları, Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və yaxınlıqda yerləşən Gəncə şəhər 42 nömrəli tam orta məktəbin inzibati binalarına köçürülüb, tədris tam bərpa edilib.

Bildirilib ki, 16 may 2024-cü il tarixinədək məhkəmənin qərarının icra edilməsi tapşırılıb, may ayının 20-si günün birinci yarısında sinif otaqları boşaldılıb, yuxarıda adları qeyd olunan təhsil müəssisələrinə köçürülüb.

Bəs dövlət mülkiyyətinin özəlləşdirilməsi qanunla necə olmalıdır?

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun var və həmin qanunda özəlləşdirilməsi qadağan olunan əmlakların siyahısı verilib. Siyahıda mədəniyyət və təhsil sahəsinə aid bəndlər də yer tutub. Belə ki, məktəbəqədər təhsil müəssisələri istisna olmaqla dövlət təhsil müəssisələri özəlləşdirilə bilməz. 

Həmçinin, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu da özəlləşdirilməsi qadağan olunan əmlak siyahısındadırlar. 

Bildiyimiz kimi, musiqi məktəbləri Elm və Təhsil Nazirliyinin deyil, Mədəniyyət Nazirliyinin tabeliyindədir. Belə çıxır ki, musiqi məktəblərində musiqi təhsili verilsə də, onlar təhsil müəssisəsi hesab olunmurlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, indiyə qədər təhsil və ya mədəniyyət ocağının özəlləşdirilməsi ilə rastlaşmayıb:

“Dövlət əmlakının özəlləşdirilməsi barədə qanun qəbul olunanda mədəniyyət, təhsil sahəsinə aid obyektlərin özəlləşdirilməsi qadağan idi. İndi həmin məktəbin hansı adla özəlləşdiyini bilmirəm. Çünki indiyə qədər təhsil və ya mədəniyyət ocağının özəlləşdirilməsinə  rastlanmayıb. Ola bilər ki, uzun müddət fəaliyyətsiz qaldığı üçün Nazirlər Kabinetinin qərarı ilə özəlləşdirilib. Yəni faktlardan xəbərim olmadığı üçün daha dərinini bilmirəm. Yəqin ki, məhkəmədə bu məsələlər hamısı araşdırılıb. Burada fərqli məqamlar da ola bilər.”.

O, gələcəkdə qanun çərçivəsində təhsil, mədəniyyət sahəsində özəlləşdirmənin tərəfdarı olduğunu bildirib:

“Liberal iqtisadiyyata gedirik, əslində bir tərəfdən də bütün obyektlərin dövlət sərəncamında olmasının özü bazar iqtisadiyyatına uyğun deyil. Bu yüklər dövlətin üzərindən azalmalıdır. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin bir qismi qalmalıdır. Çünki o vasitə ilə dövlət sosial proqramları həyata keçirir. Hamısı özəlləşə bilməz, bütün dünyada bu belədir. Azərbaycanda da belə olmalıdır. Özəlləşmə ancaq qanun əsasında olmalıdır. Digər təbəqələrin hüququ pozulmamalıdır”.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO