Birinci Qarabağ müharibəsi zamanı Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib.
Bizim.Media xəbər verir ki, tibbi-genetik tədqiqat sonrası onların bir çoxunun kimliyi məlum olub.
Kimliyi məlum olan şəhid İsaqov Elburus İsaq oğlunun dəfn mərasimi bu gün saat 11.00-da Biləsuvar 1 saylı qaçqın düşərgəsində keçiriləcək.
Bildirək ki, Elburus İsaqov 1966-cı ilin 23 avqustunda Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində doğulub. Əfqanıstan müharibəsinin iştirakçısı olan xüsusi təyinatlı Elburus Vətən müharibəsinin ilk illərindən düşmənə qarşı vuruşub.
1994-cü ilin fevralın 4-də Murovdağda, strateji Ömər aşrımı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ailədə 4 övlad olublar. Cəbrayıl işğal olunandan sonra Elburus İsaqovun ailə üzvləri Biləsuvarda yerləşən qaçqın düşərgəsinə yerləşib.
Sabutay, Bizim.Media, Cənub bürosu