Qusar şəhərindəki şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin "2a"sinfinə Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Salman oğlu Qurbanovun adı verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu münasibətlə məktəbin xüsusi dizaynla hazırlanaraq orijinal tərtibat verilmiş "2a"sinfində təntənəli açılış mərasimi baş tutub.
Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səslənib. Şagirdlər əvvəlcə vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər. Şəhid əsgər Çingiz Qurbanov da daxil olmaqla, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İkincilərin ifasında Çingiz Qurbanova həsr edilmiş "Ana, mən əsgər gedirəm" adlanan videoçarx nümayiş olunub. Videoçarxda Milli Qəhrəmanın həyatı şagirdlərin iştirakı ilə canlandırılıb.
Daha sonra Qusar şəhərindəki Şəhidlər Xiyabanında Çingiz Qurbanovun məzarını ziyarət edən "2a"sinfinin şagirdləri qəhrəman əsgərin məzarı önündə Vətəni, xalqı, torpağımızı, insanları Milli Qəhrəmanımız kimi sevəcəklərinə dair "Çingiz andı" içiblər.
Bu təsirli səhnəciklər mərasimə qatılan Milli Qəhrəmanın valideynləri Salman və Nailə Qurbanovları çox təsirləndirib. Oğlu ilə qürur duyduğunu söyləyən Salman Qurbanov təşkilatçılara təşəkkür edərək rayonun, eləcə də respublikanın bütün məktəblərində şəhidlərimizin belə xatirə sniflərinin açılmasının vacibliyini bildirib.
Məktəbin direktoru Arif Xəlilov ötən ildən başlayaraq təhsil ocağında siniflərə şəhid adlarının verilməsinə başlanıldığını bildirib. Tədbirdə iştirak edən valideynlər və Qusar icra hakimiyyətinin nümayəndəsi də belə əhatəli və baxımlı tədbirə görə məktəb rəhbərliyinə və sinif müəlliminə minnətdarlıq ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.