Niyə bütün yol qəzalarında sürücü “günahkar” olur? – MARAQLI SƏBƏBLƏR

Niyə bütün yol qəzalarında sürücü “günahkar” olur? – MARAQLI SƏBƏBLƏR

Hazırda oxunan: Niyə bütün yol qəzalarında sürücü “günahkar” olur? – MARAQLI SƏBƏBLƏR

192693

Baş verən avtoqəzalar və bu səbəbdən artan ölüm halları günümüzün acı reallığıdır. Qəribə burasındadır ki, avtoqəzaların hamısında bir qayda olaraq günahkar sürücü olur. Piyada isə bütün hallardı haqlı çıxır. Hətta piyada keçidi olmayan ərazilərdə, magistral yollarda belə baş verən avtoqəzalarda yenə sürücü günahkar çıxır. Magistral yolda heyvan vuranda belə sürücü məsuliyyət daşıyır.

Mövzu ilə bağlı Bizim.Media ilə həmsöhbət olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, hər bir avtoqəzanın səbəbini və günahkarını bilmək üçün istintaq tərəfindən texniki ekspertiza keçirilir:

“Bu ekspertizanın istintaqın nəticəsinə böyük təsiri olur. Orada aydın şəkildə göstərilir ki, hansı tərəfin qəzanın qarşısını almağa imkanı olub və yaxud hansı tərəf qəzada daha çox məsuliyyət daşıyır. Belə ekspertizaları əsasən sürücünün məsuliyyətini müəyyən etmək üçün edirlər. Təbii ki, ekspertiza zamanı avtomobilin vəziyyəti,  əyləcdən istifadə imkanları, sürət həddi və digər faktorlar öyrənilir. Ümumiyyətlə, texniki ekspertiza hansı tərəfin günahkar olmasını müəyyən edən ən yaxşı üsuldur”.

Əsabəli Mustafayev təəssüflə qeyd edib ki, praktikada bir qayda olaraq avtoqəza zamanı sürücü günahkar çıxarılır:

“Xüsusən, qəza zamanı ölüm baş veribsə, bütün günah sürücünün üzərində qalır. Belə hallarda ölən tərəfin iddiası da əsas götürülür. Əgər ölənin hüquqi varisləri şikayətçidirlərsə, onda müstəntiq  çalışır ki, ittiham yönümlü olsun. 

Çox təəssüf ki, bəzi hallarda avtotexniki ekspsertiza da öz rəyini şikayətçi tərəfin fikrinə uyğunlaşdırır. Hərçənd ki, yol hərəkəti haqqında qanunvericilikdə yol hərəkəti iştirakçıları eyni hüquq və vəzifələrə malikdirlər. Yəni sürücü də, piyada da yol hərəkəti qaydalarına əməl etməyə borcludur.

Qəza zamanı sürət həddinin aşılması və yaxud yol nişanına riayət edilməməsi o demək deyil ki, günahkar ancaq sürücüdür. Sürət həddini aşmağa və yol nişanına əməl etməməyə görə qanunda müəyyən cəzalar var. Hər bir hadisədə səbəb və nəticənin əlaqəsi axtarılmalıdır. Yəni necə olub ki, bu qəza baş verib?!  Təəssüf ki, çox zaman səbəbə görə yox, nəticəyə görə qərar verilir”.

Həmsöhbətimiz müəyyən qaydaları da xatırladıb:

“Məsələn, birinci texnik dərəcəli yoldan piyada və yaxud heyvanın keçməsi qadağandır. Yaxud qırmız işıqda piyadanın keçməsi qadağandır. Yəni belə misallar çox çəkmək olar. Amma yola heyvan çıxırsa, ona görə də günahkar sürücü hesab edilir. Hələ yüksək sürətli yollarda piyadaların özbaşına hərəkətlərini demirik...

Qanunda belə bir müddəa var ki, yol hərəkəti iştirakçısı hərəkət istiqamətində maneə görərsə, manevr eləməli, yaxud qabaqlayıcı tədbir görməlidir. Ona görə də qəza zamanı bunu əsas götürərək sürücünü ittiham edirlər. Bu zamansa texniki ekspertiza reallığa uyğun yox, vəziyyətə əsasən rəy verir.  Əgər şikayətçi varsa, ekspertiza birmənalı şəkildə sürücünü günahkar çıxarır.

Mənim sürücü və hüquqşünas kimi müşahidələrimə əsasən gəldiyim qənaət budur ki, avtoqəzaların 85-90 faizində piyadalar günahkardır. Lakin, əksər vaxt “günahkar” sürücü olur. “Günahkar” sürücü də məcbur olur ki, xəsarət alanın cari, öləninsə nəinki dəfn, hətta başdaşı xərclərini də üzərinə götürsün. Ona görə də avtoqəzalarda bütün sürücülər ən azı maddi itkiyə məruz qalır. Bu “qayda” qanundan irəli gəlmir. Əksinə bu qanunun düzgün tətbiq olunmamasından qaynaqlanır. Ona görə də bu cür yanaşma aradan qaldırılmalıdır”.

Hüquqşünas əlavə edib ki, sürücü piyadanın hərəkəti qadağan olduğu ərazidə qəza törədibsə buna tamamilə fərqli yanaşılmalıdır:

“Piyada da öz məsuliyyətini bilməlidir. Bəlkə də buna görədir ki, piyadalar haradan gəldi yolu keçirlər. Çünki, “qayda”lar sürücünün yox, piyadanın yanında dayanır. Bu da təəssüf ki, çox pis vərdişlərə gətirib çıxarır. Əgər piyada bilsə ki, qadağan olunmuş ərazidən keçəndə, onu vuran avtomobilin xərclərin o ödəyəcək, onda o  qaydanı pozmayacaq. Amma hər zaman sürücünün haqsız çıxarıldığını görən piyada bir qayda olaraq qaydaları pozur. Çünki, ona qarşı heç bir cəza tədbiri görülmür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO