İslam adı ilə xurafatı kimlər təbliğ edir? – İlahiyyatçıdan XƏBƏRDARLIQ 

İslam adı ilə xurafatı kimlər təbliğ edir? – İlahiyyatçıdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: İslam adı ilə xurafatı kimlər təbliğ edir? – İlahiyyatçıdan XƏBƏRDARLIQ 

192577

“Elə bir dövr gəlib ki, hər bir məsələnin, hətta söylənilən fikrin elmi sübutu, elmi əsası tələb olunur. Amma nə təsadüfdürsə, bəzi məsələdə bu sübutu istəyənlər yoxdur. Məsələn, bu gün bəzi ölkələr dövlət səviyyəsində İslam həqiqətlərini və Quranda yazılanları yox, xurafatı təbliğ edir. Ancaq heç kim dönüb soruşmur ki, “bu dediyiniz hansı mənbədən götürülüb?” Əksinə söylənilən xurafat məqsədli şəkildə daha geniş coğrafiyada yayılır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, İslam dininin, ümumiyyətlə, səmavi dinlərin üç əsas özəl prinsipindən biri də əxlaq normalarıdır ki, bu bütün Peyğəmbərlərin gətirdiyi missiyada eyni olub, qorunub, təbliğ olunub:

“Əxlaqsız din yoxdur. Dinin sosial tərəflərindən biri də ədəb, əxlaq, mərifət, mədəniyyət, davranış qaydaları, insani, mənəvi dəyərlərdir. Bu dəyərlərin hədəfi isə kamil insan, kamil bəndə olmaqdır. Nə yazıq ki, İslam dəyərlərini siyasi məqsədlər üçün alətə, vasitəyə çevirən bəzi xarici qüvvələr hədəflərinə çatmaq üçün dindən sui-istifadə edirlər.

Yəni bu gün təqdim edilən “İslam” bir çox hallarda əxlaqdan uzaqdır. Ən pisi də odur ki, ölkənizə də sirayət etmiş xarici maraqların icraçıları və ya onların təsirinə düşmüş kütlə İslamın təməli sayılan bu normaları tapdalamaqla, əxlaqsızlıqla məşğuldurlar. Xüsusən müasir texnologiyalardan istifadə etməklə din və dini dəyərlər haqqında mənfi fikir formalaşdırmağa cəhd edirlər.

Belə ki, əsasən “TikTok”, “Facebook” sosial şəbəkələrində Peyğəmbərin, onun həyat yoldaşının, Əhli Beyt İmamlarının, əshabələrin adlarına saxta və real profillər açaraq radikalizmi, xurafatçılığı, din adı ilə xarici siyasi maraqları təbliğ edirlər”.

İlahiyyatçı təəssüflə qeyd edib ki, belələrinə tənqidi yanaşan əhalimizin, cəmiyyətimizin bütün təbəqələrini də bu profillər vasitəsi ilə söyüb təhqir, təhdid və şantaj edirlər:

“Hətta o qədər irəli gediblər ki, Peyğəmbər və Əhli Beyt adına saxta hədislər uydurub etdikləri mənfur əməlləri onların adına bağlayırlar, dinin belə əmr etdiyini əsaslandırmağa çalışırlar. Din xadimləri, ilahiyyatçıların çoxu da nə yazıq ki, bunları qəbul edir və elə davranırlar ki, sanki belə olmalı imiş. Yəni, dinin, mənəvi dəyərlərin bu cür təhrif və təhqir olunmasına cəmiyyətdə nəzərəçarpan etiraz görünmür. 

Qeyd etdiyim xaricdən idarə olunan həmin şəbəkələr həm də  dövlət, dövlətçilik, dünyəvi quruluş əleyhinə təbliğat aparır. Ölkənin dini, dünyəvi simalarını davamlı şəkildə təhqir edərək hədəfə gətirirlər. Hətta bu şəbəkələr sözügedən metodla hədəflərindəki şəxsləri şantaj və böhtana məruz qoyaraq daha radikal formada xaricdəki sahiblərinin diqqətinə çatdırırlar, bir növü onlara subliminal mesaj ötürürlər”.

Tural İrfan hesab edir ki, bu məsələ ilə aidiyyəti qurumlar, dövlər orqanları ciddi məşğul olmalıdır:

“Dövlətin din siyasətini, din və dövlət münasibətlərini korlamağa, qaralmağa, xarab etməyə yönəlmiş bu axın durdurulmalıdır. Xaricdə siyasi təlim görmüş, indi "ilahiyyatçı", "ruhani" cildində fəaliyyət göstərən bir çox şəxslər hazırda sosial şəbəkələr vasitəsi ilə qeyd etdiyim mənfur fəaliyyət ilə məşğuldurlar.
Qeyd olunan "ruhani” və “ilahiyyatçıların" saxta profillərdən ibarət "ordusu" cəmiyyətin mötədil İslam inancına qarşı təhqir, söyüş, təhdid və ifiraları, şayiələr ilə mübarizə aparırlar. Hesab edirəm ki, bu məsələ ən yaxın zamanda diqqətə alınmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO