Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli AVTOBUSLAR – Bu marşrut xətti YENİLƏNƏCƏKMİ?

Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli AVTOBUSLAR – Bu marşrut xətti YENİLƏNƏCƏKMİ?

Hazırda oxunan: Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli AVTOBUSLAR – Bu marşrut xətti YENİLƏNƏCƏKMİ?

192371

Son günlər 79 nömrəli avtobusun hərəkət intervalında gecikmələr var. Axşan saatlarında isə bu sərnişin avtobusunu tapmaq müşkülə çevrilib.

Bununla bağlı Bizim.Media-ya 79 nömrəli avtobusun sərnişinləri şikayətləniblər. İntervalın uzunluğundan, avtobusların natəmizliyindən və artıq istifadəyə yararsız olduğundan gileylənən sərnişinlər bu marşrut xəttinin avtobuslarının yeniləri ilə əvəz olunmasını aidiyyəti qurumdan tələb ediblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, 79 nömrəli marşrutda hərəkət intervalı 8-9 dəqiqə olmaqla 15 ortatutumlu avtobus fəaliyyət göstərir:

“Günün müəyyən saatlarında marşrut avtobusunun keçdiyi prospekt və küçələrdə yaranan nəqliyyat sıxlığı 79 nömrəli avtobusun hərəkət intervalının artmasına səbəb olur. AYNA tərəfindən daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.

Bildiririk ki, müvafiq qanunvericiliyin tələblərinə cavab verməyən daşıyıcılar və onların istismarında olan marşrutlarda fəaliyyət göstərən nasaz nəqliyyat vasitələri mərhələli şəkildə daşımalardan kənarlaşdırılır”.

T.Orucov qeyd edib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb:

“Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir”.

Nuranə Daxilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO