Şəkinin aqrar sektorunda dənli bitkilərlə yanaşı, bostan məhsulları, xüsusən kələmi son dövrlərə kimi dadı və keyfiyyəti ilə seçilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu sahə rayonun Fazıl, Aşağı Küncüt, Aydınbulaq zonasına daxil olan kəndlərdə daha çox inkişaf edib.
Xüsusən bu yaşayış məntəqələrində yetişdirilən kələm dadı və keyfiyyəti ilə fərqlənib, ölkə bazarlarında alıcıların rəğbətini qazanıb. Son illər kəndlərdə suvarma suyu ilə bağlı problemlərin yaşanması kəndlərdə bostan tərəvəzlərinin, eləcə də kələmin də qıtlığına səbəb olub.
Şəki və ətraf bölgədə bostan tərəvəzləri, xüsusən kələmdən söhbət gedərsə, ilk olaraq Fazıl, Aşağı Küngüt, Çapağan və ətraf kəndlər yada düşür. Bol və münbit torpaqları olan kəndlərdə vaxtı ilə 150-200 tona yaxın kələm istehsal olunurdu.
Məsələn, Fazıl kəndində, eləcə də bütün rayonda yetişdirdiyi kələmlərə görə məşhur olan Müslüm Kərimov bir vaxtlar adı ilə tanınıb. Onun həyətinin 90 faizinə kələm şitili əkilirmiş. İndi isə bir neçə çız kələm əkirlər ki, onu da yetişdirmək çox çətinləşib. Belə ki, qlobal iqlim dəyişiklikləri ilə əlaqədar bu kənddə olduğu kimi ətraf yaşayış məntəqələrində də arx sularında azalmalar müşahidə edilir.
Mütəxəssislər bildirir ki, bir kələmin payıza qədər yetişməsi üçün 220-250 litr su lazımdır.
Müslüm kişinin nəvəsi, ixtisasca riyaziyyat müəllimi olan, uzun illər məktəb direktoru işləmiş Adil Kərimov hazırda təqaüddə olmasına baxmayaraq torpaqla nəfəs alır. O, ata-baba yurdunu bir an belə gözdən qoymur.
Öyrənirik ki, babası Müslüm kişi bu bölgədə məhz bostan-tərəvəzlərinin, eləcə də kələmin ilk istehsalçısı və əsl mütəxəssislərindən hesab edilib. Getdiyimiz fərdi təsərrrüfatda da Müslüm kişinin kələm parnikləri olub, heç bir kimyəvi vasitədən istifadə etmədən onu inkişaf etdirib. Adil müəllim onu da xatırlayır ki, onların şəxsi təsərrüfatında hər il orta hesabla 15-20 tona yaxın kələm istehsal edilirmiş.
Kəndin bələdiyyə sədri İsmayıl Əyyubov da bu sahənin çətinliklərinə bütün incəliyi ilə bələd olan insanlardan biridir. Deyir vaxtı ilə öz əlləri ilə 10-12 kiloqramlıq kələm yetişdirdiyi vaxtlar olub. Kənddə ailələr bir mövsümdə satdıqları kələmin pulu ilə maddi rifahlarını yüksəldib, kimi ev tikib, kimi də oğlan evləndirib, qız köçürüb.
Bələdiyyə sədri onu da əlavə edir ki, rayon rəhbərliyi kənddə su problemini həll etmək üçün onlara yeni bir artezian quyusunun qazılmasına razılıq verib.
Su təminatının yaxşılaşdırılması üçün hansı işlər görüləcək?
Şəki Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Əlicançay su anbarının tikintisi məhz həmin qurşaqda yerləşən yaşayış məntəqələrini əhatə edəcək. Bu anbarın inşası ilk növbədə qrunt suların bərpası ilə nəticələnəcək. Digər tərəfdən bu anbar vasitəsi ilə əhalinin içməli su təminatı ilə yanaşı əkin sahələrinin də suvarılması təmin olunacaq.
Ümid edək ki, yaxın bir neçə ildə Fazıl və ətraf kəndlərin bostan-tərəvəz məhsulları, eləcə də kələmi yenidən öz dadı-tamı və keyfiyyəti ilə bazarlara çıxarılacaq. Bu həm bazarlarda bolluq yaradacaq, həm də sakinlərin maddi rifahına, gəlirlərinin artmasına töhfə verəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 14.05.2024
Şəkinin məşhur Fazıl KƏLƏMİ – Onun keçmiş şöhrətini necə qaytarmaq olar? – FOTO
Hazırda oxunan: Şəkinin məşhur Fazıl KƏLƏMİ – Onun keçmiş şöhrətini necə qaytarmaq olar? – FOTO
Hazırda oxunan: Şəkinin məşhur Fazıl KƏLƏMİ – Onun keçmiş şöhrətini necə qaytarmaq olar? – FOTO
191984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.