Cəmiyyətin idarəetməsində kişilər, yoxsa qadınlar güclüdür? - SENSASİON AÇIQLAMALAR

Cəmiyyətin idarəetməsində kişilər, yoxsa qadınlar güclüdür? - SENSASİON AÇIQLAMALAR

Hazırda oxunan: Cəmiyyətin idarəetməsində kişilər, yoxsa qadınlar güclüdür? - SENSASİON AÇIQLAMALAR

191873

İstər ölkəmizdə, istərsə də dünyada kişilərlə müqayisədə qadın siyasətçilərin sayı kifayət qədər azdır. Bu nüansın səbəbi qaranlıq olduğu üçün insanı düşündürür. Görəsən, səbəblər nədir? 

Qadınların siyasi sferaya maraqları azdır, yoxsa kişilərlə müqayisədə bu yöndə bacarıqları zəifdir?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Psixoloq Elmir Əkbərin fikrincə, qadınların siyasi sferada az olması süni şəkildə yaradılan fərqdir:

“Dünya əksər hallarda patriarxal sistemlə idarə olunur. Qadın siyasətçilər 10 il əvvəl daha az, 50 il əvvəl isə ondan da az idi. Zaman keçdikcə bu bərabərlik bərqərar oldu. 

Düzdür, biz deyirik ki, Azərbaycanda qadınların hüquqları təmin olunur, Şərq ölkələri içərisində qadına seçim haqqı verən ilk ölkəyik, bu mövzuda dünyanın bir çox ölkələrini qabaqlayırıq, ilk opera yazan xanım bəstəkar azərbaycanlıdır, amma bu, o demək deyil ki, Azərbaycanda qadınların hüquqları kişilərlə eynidir. Çünki yüzilliklər, bəlkə də, minilliklər ərzində belə olmayıb. Hətta o qədər genetikamıza hopub ki, yuxuda qız uşağı görməyi şərə, oğlan uşağı görməyi isə xeyirə yozurlar”.

O, sözlərinə belə davam edib:

“Hər bir xalqın etnik kimliyi onun nağıl və dastanları ilə ölçülür. Azərbaycanın ən məşhur dastanı “Dədə Qorqud”dur. Dastanda Banuçiçək deyir ki, onunla ailə quracaq oğlan at çapmalıdır, qılınc oynatmalıdır və s. Bu dastanda kifayət qədər bərabərhüquqlu qadınlardan söhbət gedir. Eləcə də “Koroğlu dastanında biz bunu görürük. Fikrimcə, sovet dövründən sonra şüuraltı olaraq bu ideya yaranmağa və təbliğ olunmağa başladı. 

Günümüzdə Azərbaycanda çox böyük uğurlara malik qadınlar var. Eyni zamanda ciddi uğurları olan qadın siyasətçilər də var. Tərif olsun deyə demirəm. Amma Mehriban Əliyevanın ilk Birinci vitse-prezident olması Azərbaycan xanımları üçün çox böyük göstəricidir, motivasiyadır. Bu, həmçinin Şərq ölkələri üçün mütərəqqi bir addımdır. Çox istərdim ki, xanımlarımız məhz belə qabaqcıl xanımlardan nümunə götürsünlər. Hələ ki, qızların dəstəyə çox ehtiyacı var. 

Hüquq və tibb istisna olmaqla bütün gənc qızlar üçün ali təhsil ocaqlarına qəbul imtahanı ləğv edilməlidir. Çünki ailələr hər qıza o şəraiti yaratmırlar. Bu, xanım siyasətçilərin formalaşması üçün mühüm addım olar. 

Danışdığımız mövzuda xanımlara yanlış örnəklər də çoxdur. Bəzi xanımlar elə hesab edir ki, uğurlu olmaq üçün çoxlu pul və dəstək olmalıdır. Sözsüz ki, ailə dəstəyi çox önəmlidir. Bu, uğura gedən yolu daha da asanlaşdırır. Lakin vacib şərt deyil. Hətta dünyanın qabaqcıl universitetlərində təqaüd almaq mümkündür. Düzgün maariflənmə aparılmalıdır ki, qızlarımız bu uğura layiq olduqlarını bilsinlər”. 

Politoloq Nati Miri isə mövzuya fərqli yanaşıb:

“Bu məsələ sadəcə siyasətlə izah edilə bilməz. Eyni zamanda, bütün dünyada dövlət idarəetməsində kişilər dominantdır. Çünki ailənin daxili problemlərinin həlli, övladların inkişafı məsələsi anaların üzərinə düşür. Bu baxımdan qadınlar hər zaman geridə olurlar. 

Danışdığımız reallıq sadəcə siyasi sferada mövcud olan gerçəklik deyil. Məsələn, bütün dinləri nəzərdən keçirsək, hansısa qadın peyğəmbərə rast gəlmərik. Peyğəmbərlər idarəçidir və cəmiyyətin idarə olunması ilə bağlı mesajları xalqa çatdıran şəxslərdir. 

Bu, o demək deyil ki, qadınların kişilərə nisbətən ağılları azdır. İnsanların formalaşmasında qadınların həyata keçirdiyi funksiya kişilərdən qat-qat artıqdır. Söhbət ondan gedir ki, bətndə olan zaman uşağa lazım olan bütün proqram məhz qadın vasitəsilə aşılanır. Bu, qadın üçün ən böyük missiyadır. 

Qadının 9 ay ərzində keçirdiyi psixoloji sarsıntılar uşağa ötürülür, sonda isə uşağın gələcəyi formalaşır. Uşağın mənəvi, psixoloji cəhətdən gələcək yaşamını təyin edən qadındır. Qadının bu cür böyük məsuliyyəti olduğu vaxtda ona əlavə siyasi idarəetmə öhdəliyini yükləmək yaradılış qayəsinə uyğun davranış olmaz. Qadınların böyüklüyünü hər kəs anlamalıdır. 
Bu məsələnin qadınların zəka cəhətdən kişilərdən zəif olması ilə əlaqəsi yoxdur. Sadəcə missiya məsələsidir. Hər bir qadın potensial ana olduğu üçün onlara daha böyük rol ayrılıb. İnsanlığın taleyindən böyük nə ola bilər...?”

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO