Azərbaycanda Dövlət Reyestrindən çıxarışı olmayan mənzil sahibləri bu ilin sonuna qədər çoxdankı arzularına çata bilər. Beləki, problemin həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xüsusi portal hazırlayır. Bu portal vasitəsi ilə sənədsiz evlərinə Dövlət Reyestrindən çıxarışın alınması xeyli asanlaşacaq.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərlə bağlı portalın hazırlanıb əhaliyə təqdim ediləcəyi ilə bağlı ictimaiyyətə dəfələrlə məlumatlar verilib:
“Portalın hazırlanması 2 formada aparılacaq. Birincisi yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərlə bağlı olacaq. Belə ki, həmin portal istifadəyə veriləndən sonra Dövlət Reyestrindən çıxarışı olmayan mənzillər bundan sonra MTK-lar tərəfindən yox, portal üzərindən idarə olunacaq.
Bildiyimiz kimi, son 30 ildə paytaxtda və digər mərkəzi şəhərlərdə çoxmənzilli evlər tikilib, əhaliyə satılıb. Lakin bir çox insanlar bu prosesdən ziyan çəkib. Hətta külli miqdarda ziyan görənlər də olub. Bəzi MTK-larsa mənzil sahiblərinə vəd edilən Dövlət Reyestrindən çıxarış yox, sadəcə alqı-satqı müqaviləsi təqdim edib. Ona görə də uzun illərdir ki, bəzi insanlar yaşadıqları mənzili özəlləşdirə bilmir. Bu səbəbdə, yeni tikilmiş çoxmərtəbəli binalardakı müqavilə ilə olan mənzillər həmin portalda yerləşdiriləcək. Bu da insanları bir çox qayğılardan azad edəck”.
Elnur Fərzəliyev onu da əlavə edib ki, Abşeron yarımadasında 500 mindən artıq çıxarışı olmayan fərdi yaşayış evləri də var:
“Bu problemin həlli üçün də yeni portalın hazırlanması barədə aidiyyatı qurumlardan mütəmadi olaraq məlumatlar verilir. Nəzərə alaq ki, yüzminlərlə çıxarışsız mənzillərin sahibləri də çox ciddi çətinliklə üzləşirlər. Bundan təbii ki, dövlət də müəyyən itkilərə məruz qalır. Bu evlərin çıxarışı olsa onda həmin mənzillər ipoteka predmetinə çevrilər. Sığorta bazarında müəyyən canlanma yaranar.
Eləcə də həmin evlərin əmlak və torpaq vergisinə cəlb olunması problemi də aradan qalxar. Nəticədə, bu prosesdən həm vətəndaş, həm dövlət, həm də müvafiq qurumlar faydalana bilər.
Çox təəssüf ki, bu proses neçə illərdir ki, yubanır. Yubandıqca da problem üzərinə problem gəlir. Ona görə də yaxın zamanlarda bu problem öz həllini taparsa bu yüzminlərlə insanın pozulmuş mülkiyyət hüquqlarının bərpasına gətirib çıxarar. Nəzərə alaq ki, vətəndaş ədalətli alıcıdır. O zamanında hansısa quruma - icra hakimiyyətinə, bələdiyyəyə, sovxoz və kolxozlara pul ödəyib torpaq alıb. Amma pul alan qurumlar öz işlərinə məsuliyyətsiz yanaşaraq vətəndaşları “dağa-daşa” salıb. Ona görə də bu məsələnin uzanması heç bir tərəfə sərf eləmir”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərdik.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 14.05.2024
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən...”
Hazırda oxunan: Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən...”
Hazırda oxunan: Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən...”
191860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.