Ət qanlı, igid canlı: ƏTİ “ət”dən NECƏ SEÇƏK?

Ət qanlı, igid canlı: ƏTİ “ət”dən NECƏ SEÇƏK?

Hazırda oxunan: Ət qanlı, igid canlı: ƏTİ “ət”dən NECƏ SEÇƏK?

191521

Son illər Azərbaycanda zəhərlənmələrin sayı kifayət qədər artıb. Bu yaxınlarda Zaqatalada 40 nəfərə yaxın şəxsin dönərdən zəhərlənməsi bardağı daşıran son damla oldu. Sosial şəbəkələrdə qızğın müzakirələr başladı. Bəzi şəxslər hesab edir ki, artıq həyəcan təbili çalmağın vaxtıdır.

Bəs bu zəhərlənmələr niyə artır? Ətlər düzgün formada necə saxlanılmalıdır?

Qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, zəhərlənmələr çox vaxt riskli qidalardan meydana gəlir:

“Ət, toyuq, balıq, ağartı məhsulları və s. Ətlərin mənşəyi, daha sonra hansı şəraitdə gəldiyi məlum olmalıdır. Yəni ətlərin soyuducusu olan və ya sadə avtomobildə daşındığını bilməliyik. Böyük marketlərlə əməkdaşlıq edən məşhur şirkətlər həmişə diqqət edirlər ki, məhsullar soyuq qida zəncirində daşınsın. Həmin məhsullar daşınan zaman soyuducunun dərəcəsi müsbət 4-dən yuxarı olmamalıdır.

Bundan əlavə, məhsulların qəbulu zamanı ictimai iaşə müəssisələrində, dönərxanalarda və s. əti qəbul edən şəxs soyuq qida zəncirinə nəzarət etməlidir. O, həmin ətlərin saxlanıldığı avtomobilin soyuducusunun dərəcəsinə baxmalıdır. Soyuq qida zəncirində qırılma olub-olmadığı yoxlanılmalıdır. Əti qəbul edəndə diqqət etmək lazımdır ki, rəngi yaşıla çalan olmasın, qoxusunda dəyişiklik hiss edilməsin, şirə buraxmasın və s”.

A.Salamov qeyd edib ki, ətin saxlanılma şəraiti də soyuq qida zəncirində həyata keçirilir:

“Əgər ət 72 saat ərzində bişiriləcəksə, +4 dərəcəli soyuducuda uyğun şərtlər daxilində mühafizə oluna bilər. Yox əgər ət uzun müddətə istifadə olunacaqsa, onu artıq dərin dondurucuda -18 dərəcədə mühafizə etmək lazımdır. Bu, ona görə lazımdır ki, ət mikrobioloji çirklənməyə məruz qalmasın.

Emal prosesində yaxşı olar ki, dönərxanalar dönər ətini şişə taxılmış vəziyyətdə alsınlar. Çünki dönərxanalar emal prosesini uyğun olmayan şərtlərdə apara bilərlər. Bu da qida zəhərlənməsinə gətirib çıxara bilər. Dönərxanalar adətən balaca otaqda yerləşir və sərin temperaturda olmur. Həmin dönərxanalarda saatlarla emal prosesi gedir. Bu zaman ətin mikrobioloji çirklənməyə məruz qalma ehtimalı daha çox olur.

Bişirmə əsnasında, yəni isti emal prosesində isti qida zəncirində qırılma baş verə bilər. Müştəri sayı çox olduğu üçün bəzən ətin üzərindəki bişən hissə ilə altında tam bişməyən çiy hissəsi kəsilir. Çiy və bişməyən ət bir-birinə qarışır. Bu isə toyuq ətində salmonella bakteriyasına səbəb olur. Yekunda isə qida zəhərlənməsi baş verir”.

Ekspert əlavə edib ki, çarpaz çirklənmə nəticəsində də qida zəhərlənməsi baş verə bilər:

“Məsələn, çiy ətdə istifadə olunan bıçaq başqa bir tərəvəzlə və ya cinsinə uyğun olmayan ətlə təmasda olduğu zaman “qonşuluq” prinsipi pozulur. Yəni toyuqda istifadə olunan bıçağı tərəvəzə vurmaq olmaz. Doğrama taxtasının üzərində toyuq doğranıbsa, tərəvəz doğramaq düzgün deyil, yaxud da əksinə. Dezinfeksiya etdikdən sonra doğrana bilər. Çox zaman dezinfeksiya etmirlər. Bundan əlavə, ayrı-ayrı ətlərdə fərqli bıçaqlar istifadə edilməlidir. Sadaladıqlarımıza əməl edilmədikdə qida zəhərlənməsi baş verə bilər. Bu hal soyuducuda da ola bilər. Əti götürüb tərəvəzin yanına qoyduqda bir-birlərinə toxuna bilərlər. Belə olan halda bakteriyalar bir-birinə keçir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO