1992-ci ilin bu günü – 8 mayda Şuşa işğal olundu. Təbii ki, Vətən torpağının hər qarışı dəyərlidir. Amma Şuşanın yeri xalqımızın qəlbində hər zaman bir ayrı olub. Çünki Şuşa hər zaman Qarabağın alınmaz qalası və qeyrət simvolu hesab olunurdu.
Ona görə də Şuşanın itirilməsi hər bir azərbaycanlının qəlbinə sağalmaz yara vurdu. Düz 28 il, hər 8 may günündə o yara yenidən qanadı. Düz 28 il Şuşanın işğal görüntüləri, şəhəri sonuncu tərk edən döyüşçülərin gözlərindəki hüzn dolu qəzəb hər birimizə eyni hissləri yenidən yaşatdı.
Bəs, o döyüşçülərin gözündəki qəzəbin səbəbi nə idi?
Cavab bəllidir: xəyanət. Şuşa uğrunda bu xalqın qəhrəman oğulları son damla qanlarına qədər döyüşdülər. Çünki onlar Vətəni sevir, qələbəyə inanırdılar. Amma Şuşada döyüşlər gedəndə, Bakıda da “mübarizə” gedirdi, lakin Vətən uğrunda yox, hakimiyyət uğrunda. Orduya rəhbərlik edən şəxs isə mitinq meydanına çıxıb “Şuşa getsə, başıma güllə çaxacam” deyə bar-bar bağırırdı.
Şuşa getdi, xəyanətə, hakimiyyət davasına qurban getdi. Amma həmin “başına güllə çaxmağa” söz verənlər üçün Şuşanın işğal olunması kədər yox, fürsət idi. Hansı ki, o fürsətdən istifadə edib iqtidara yiyələndilər. Sonra isə bir ilin içərisində başlarına vurmalı olduqları güllələri Azərbaycanın, xalqımızın qəlbinə vurdular. Hansı ki, o yaraları sağalatmaq üçün onillər lazım oldu.
Bəli, Şuşanın itirilməsi qəlbimizə sağalmaz yara vurdu.
Lakin bu yara bizi zəiflətmədi, ruhdan salmadı. Çünki Azərbaycan məğlubiyyətlə barışa bilməzdi. Doğrudur, işğal illərində bizim məğlubiyyətlə barışıb, tarixi torpaqlarımıza əlvida deməyimiz üçün çox çalışanlar oldu. Minsk qrupu kimi “vasitəçi”lər sülh üçün yox, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması üçün çalışdılar.
Ancaq Azərbaycan bütün bu çətinliklərə, maneələrə sinə girməyi bacardı. İşğala son qoymaq üçün həm diplomatiya cəbhəsində mübarizə davam etdirildi, həm də ordu quruculuğu dövlətimiz üçün prioritet istiqamətə çevrildi. Çünki zaman irəlilədikcə hər birimiz daha yaxşı anlayırdıq ki, Ermənistan işğal etdiyi torpaqlarımızı könüllü qaytarmayacaq.
İşğalın 27-ci ilində baş verənlər isə ermənilərin ağıllanmayacağını ən optimist olanlarımıza belə nümayiş etdirdi. Belə ki, 2019-cu ilin bu günündə Ermənistan Baş naziri Şuşaya, işğalın ildönümünü qeyd etməyə gəldi. İçkidən bihuş olan Paşinyan utanmadan “Qarabağ Ermənistandır.” dedi. Üstəlik hər bir azərbaycanlı üçün müqəddəs olan bir məkanda, Cıdır düzündə yallı da getdi.
Amma sübut etdik ki, “Qarabağ Azərbaycandır!”
“Sözün bitdiyi yerdə silahlar işə düşür” deyimi Qarabağ məsələsində də doğruluğunu isbat etdi. 2020-ci ildə nəhayət sözlərin tükəndiyi yerdə Azərbaycan Ordusunun silahları danışmağa başladı. 44 gün içərisində 27 illik işğala son qoyuldu. Müharibə 10 noyabr bəyanatı ilə başa çatdı. Ancaq Azərbaycan üçün Zəfər Günü 8 noyabr – Şuşanın işğaldan azad ediliyi gün oldu.
Çünki həmin gün Azərbaycan xalqının qəlbindəki 28 illik yara, nəhayət ki, sağaldı. Ali Baş Komandanın qətiyyəti və Ordumuzun qəhrəmanlığı yaramıza məlhəm oldu.
Bu 8 may bir başqa əhəmiyyətə malikdir...
Çünki bu ay Şuşaya ilk köç başlayır. 32 il əvvəl Şuşanı kədər göz yaşları içərisində tərk edənlər, sevinc göz yaşları ilə evlərinə qayıtmağa başlayırlar. Onları məcburi köçkün salanlar üzərində igid övladlarımızın qazandığı zəfərin sayəsində.
Artıq 32 il əvvəl xalqımıza “dağlarda toy” tutduqlarını zənn edənlərin Qarabağda, müqəddəs Şuşada izləri belə yoxdur. Bəziləri Bakıda təcridxanadadır, bəziləri İrəvan küçələrində, bəziləri də Yerablurda, torpağın altında, layiq olduqları, onlara yaraşan yerdə.
Biz də öz yerimizdə, yurdumuzdayıq, doğma Şuşada və digər tarixi torpaqlarımızda…
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 08.05.2024
Bu 8 may bir başqadır...
Hazırda oxunan: Bu 8 may bir başqadır...
Hazırda oxunan: Bu 8 may bir başqadır...
191022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.