Norveçli səyyahlar Şuşada - FOTO

Norveçli səyyahlar Şuşada - FOTO

Hazırda oxunan: Norveçli səyyahlar Şuşada - FOTO

190046

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti Şuşa şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, əsasən gənclərin üstünlük təşkil etdiyi heyətin Şuşa şəhəri ilə tanışlığı başlayıb.

Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO