Azərbaycan xalqının adətləri içərisində qız qaçırmaq da var. Tarixən ailə qurmaqlarına maneə yaradılan iki gənc bir-birlərinə qoşularaq qaçıb, nikah kəsdiriblər. Şifahi və yazılı ədəbiyyatda tez-tez rast gəlinən mövzuda fərqli niyyət də mümkündür. Yəni həmişə qaçırılan qızın fikri nəzərə alınmayıb, zorla qaçırılaraq ailə qurulması faktları az deyil.
Elə aprel ayının 23-də Bərdə rayonunun Uğurbəyli kəndində 23 yaşlı qızın qaçırılması da buna aiddir. 45 yaşlı Fərhad Rzayev evlənmək məqsədilə qaçırdığı qızın razılığını almayıb. Qız polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Çünki qanuna görə, qızın razılığı olmadan onu qaçırmaq cinayətdir və adam oğurluğu hesab edilir.
Bəs yetkinlik yaşına çatmış, amma maddi durumuna və ya valideynlərin narazılığına görə toy edə bilməyənlər belə addım atarsa, onları hansı cəza gözləyir?
Qızın qaçırılması hansı halda adam oğurluğu sayılır?
Yaranan sualların cavabı barədə Bizim.Media-ya vəkil Əsabəli Mustafayev danışıb. O bildirib ki, qədimdə də qızın razılığı olmadan onun qaçırılması qan davasına səbəb olurdu:
“Bəzən cəmiyyətin bir hissəsi qız qaçırılmasını adət kimi, tariximiz kimi qəbul edir və hesab edir ki, bu, qanunsuzluq deyil. Hüquq nəzəriyyəsinə görə, hüquq normalarının mənbələrindən biri adətlərdir. Digər şəxslərə, insan həyatına, mənəviyyatına zərər vurmayan və insanlar tərəfindən istifadə olunan adətlər hüquq norması kimi rəsmiləşdirilir.
Bəziləri deyir ki, bu, adətdir və adət özü də bir davranış qaydasıdır. Bu, yanaşma düzgün deyil. Həm indi, həm də keçmişdə qızın qaçırılması ilə qızın oğurlanması ayrı-ayrı məsələ hesab olunur. Keçmişdə qızla oğlan birgə həyat qurmaq üçün hansısa maneələri aşaraq bir-birlərinə qoşulub qaçırdılar. Bu termin çox mühümdür.
O vaxt valideynlər bunu pis qəbul eləsə də, qanun bunu tanıyırdı. Əgər hadisə qızın razılığı ilə baş tutubsa, qanun bunu tanıyırdı və heç bir sanksiya yox idi.
Uzaqbaşı iki ailə arasında küsülülük yaranırdı və müəyyən dövrdən sonra bir çox hallarda ailələr barışırdı. Hətta keçmişdə də qızın razılığı olmadan oğlan qızı qaçırdırdısa, bu, iki ailə arasında qanlı münaqişələrə səbəb ola bilərdi. Bunun istər qanunla, istər el adəti ilə məsuliyyəti vardı”.
Hüquqşünas qızın razılığı olmadan evlənmək məqsədilə onu qaçıranı 5 ildən 10 ilə qədər həbs cəzasının gözlədiyini qeyd edib:
“Bu gün qız razılığı olmadan qaçırılırsa, o, adam oğurluğu hesab edilir. Cinayət Məcəlləsində 144-cü maddə var, həmin maddədə cəzalar çox ağırdır. Onun birinci hissəsində ağırlaşdırıcı hal olmadan qızın evlənmək üçün qaçırılması 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər azyaşlıya qarşı olunursa, cəza daha ağır olur, yəni həbs müddəti 10 ildən 15 ilə qədərdir”.
Vəkil qızın razılığının əsas götürüldüyünü vurğulayıb:
“Bəzi hallarda, məsələn, toy etmək üçün maddi imkanları yoxdursa və ya qızın valideynləri razı deyilsə, onda ikisinin qarşılıqlı razılaşması ilə bir-birlərnə qoşulub qaçırlar. Burada heç bir məsuliyyət yoxdur. Valideynlər şikayət eləsələr belə qızı könüllü getdiyini bildirəndə heç bir məsuliyyət yaratmır”.
Əsabəli Mustafayev qız qaçırılmasında kömək edən şəxsləri də cəza gözlədiyini diqqətə çatdırıb:
“Bəzən oğlan qızın razı olmadığını, müqavimət göstərəcəyini bilir. Buna görə dostlarını köməyə çağırır. Razılıq olmadığı halda qaçırılma bir qrup tərəfindən həyata keçirilmiş olur. Bu da ağırlaşdırıcı haldır, kömək edən şəxsləri 8 ildən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bəzən də oğlan özü getmir, kiməsə bunu sifariş edir. Belə olduqda da qanunda məsuliyyət nəzərdə tutulub. Yəni bu da hadisənin tamah və sifarişlə törədildiyi hesab olunur”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 25.04.2024
Qız qaçıranları hansı cəza gözləyir? – HÜQUQİ İZAH
Hazırda oxunan: Qız qaçıranları hansı cəza gözləyir? – HÜQUQİ İZAH
Hazırda oxunan: Qız qaçıranları hansı cəza gözləyir? – HÜQUQİ İZAH
188954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.