“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələrini bölüşüblər.
Həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında baş tutan panel müzakirələrdə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusuna xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.
“Qarabağda dayanıqlı inkişaf” mövzusunda keçirilən ilk panelin moderatoru ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə olub.
O, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Paneldə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışları dinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.
Davamlı inkişafla bağlı müzakirələrdən sonra iştirakçılar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi “Yaşıl infrastrukturun inkişafı təcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri” mövzusunda ikinci paneldə iştirak ediblər.
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər.
İqtisadi və “yaşıl inkişaf”a fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqindən danışıblar. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfərin bu hissəsində günün əvvəlində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqləri nümayiş olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və Azərbaycanın yaşıl enerji siyasətinin müzakirə olunduğu forum iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələr verib.
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza Xəzəryanı dövlətlərin dəniz problemlərini həll etmək üçün toplanacağı Xəzər Dialoq Platformasının təşkil olunmasını tövsiyə edib:
“Ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ola bilsin ki, Xəzər dənizinin su ekosistemlərini, yaşıl nəqliyyat dəhlizlərini, dəniz ekosistemlərini qorumaq üçün COP29-da bir araya gələ bilərlər. Ancaq regional əməkdaşlıqda Azərbaycanın mərkəzə çevrilməsi, bundan sonra artıq təhlükəsizlik və sülhü iqlim dəyişikliklərinə qarşı mübarizədə effektiv rolunu qeyd etmək lazımdır”.
Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi Azərbaycanın COP29-a hazırlıq məsələsinə yanaşma tərzinə heyran olduğunu bildirib:
“Həm COP29-un məqsədlərinə, həm də davamlı inkişaf üçün uzunmüddətli baxışa həqiqətən yönəlmiş düşüncə, ixtiraçılıq və innovasiya səviyyəsi məni heyran edir. Ötən gün biz bunu Prezidentlə ətraflı müzakirə etdik”.
Paneldə çıxış edən “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina qlobal səviyyədə təhsilin əhəmiyyətini vurğulayaraq, gənclərə hazırkı qlobal problemlərə hazırlıqlı olmalarını tövsiyə edib, bu istiqamətdə ADA Universitetinin mühüm rolunu vurğulayıb. “ADA Universiteti təhsilin təşviqi və gənclər üçün iş yerlərinin yaradılmasına töhfə verir”, - deyə ekspert əlavə edib.
“Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts paneldə səslənən bütün fikirlərə qoşulduğunu və Azərbaycanda keçiriləcək COP29 tədbirinin bütün dünyaya faydalı olacağına ümidvar olduğunu bildirib.
Panel sessiyasının yekununda iştirakçıların sualları cavablandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:56 / 24.04.2024
Laçında keçirilən beynəlxalq konfrans yekunlaşıb - FOTO
Hazırda oxunan: Laçında keçirilən beynəlxalq konfrans yekunlaşıb - FOTO
Hazırda oxunan: Laçında keçirilən beynəlxalq konfrans yekunlaşıb - FOTO
188823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.