Bir neçə gün əvvəl Bakı-Balakən yolunun Qax rayonunun Şotavar kəndindən keçən hissəsində diqqətimizi yol kənarı boyunca düzülmüş çinar ağaclarının yarıdan kəsilməsi çəkdi.
Sözügedən prosesin hansı səbəbdən aparıldığını öyrənmək üçün Qax rayonunun Qorağan icra nümayəndəliyinə müraciət etdik. Nümayəndəlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq, ağacların budanması prosesinin yerli Yol və Ekologiya İdarələri tərəfindən aparıldığı bildirildi.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, bu işi rayon istismar idarəsi müvafiq təşkilatlatların rəyi əsasında həyata keçirir:
"Yolboyu yaz mövsümü ilə bağlı budama işləri aparılır. Bu aidiyyatı qurumların iştirakı və verdiyi rəy əsasında həyata keçirilir. Təhlükəli ağaclar,təhlükəli budaqları varsa, budanır. Müəyyən təhlükəli ağaclar var ki, yola aşa, kiməsə xəsarət yetirə bilər. Həmin ağaclar budanır.
Hətta elə ağaclar var ki, gövdəsi 6-7 metr saxlanılmaqla budama işləri aparılır. Bütün bunlar magistral yol boyu nəqliyyat vasitələri, sürücü və sərnişinlərin rahatlığı üçün edilir. Bəzi qurumuş ağaclar isə rəy əsasında tam kəsilə bilər".
Anar Nəcəfli onu da əlavə edib ki, bu tədbirlər bütün respublika ərazisindəki magistral yollarda aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu