Müxtəlif dinlərin təmsilçilərinin xüsusi geyim növü mövcuddur. Ölkəmizdə də din xadimləri, məscidlərdə fəaliyyət göstərən, həmçinin, yas məclislərində iştirak edən mollalar üçün xüsusi geyim növü müəyyən edilib. Ötən il sosial şəbəkədə yayılan görüntülərdən də din xadimlərinin onlar üçün təsis edilən geyim formasından istifadə etdiyi məlum olub. Lakin bu, bütün din adamlarını əhatə eləmir. Eyni zamanda, təqdim edilən geyimin özü də birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub.
Bəs din xadimlərinin geyimi necə olmaldıır?
Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri Bizim.Media-ya deyib ki, İslamda uniforma anlayışı yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda din xadimlərinin ilk dəfə attestasiyasına BAŞLANILDI
“Təəssüflər olsun ki, din xadimliyi peşəsini ortaya çıxarıb, sonra da buna uyğun olaraq fraqmentlər üzərində işləyirlər. Bu gün uniforma deyirlər, sabah saqqal-bığ və yaxud qadınlar üçün baş örtüsü anlayışını gətirəcəklər. Kişilər üçün başa düşdük ki, uniforma pencək və s. ola bilər. Bəs qadınlara nə, hansı baş örtüyü deyəcəksiniz?!”
Onun sözlərinə görə, dində müqəddəs hesab edilən şəxslər öz geyimləri ilə fərqlənməyiblər:
“İslamda din xadimi peşəsi yoxdur, din xadimi anlayışı olmayan məsələdir. Bu gün bunu etməklə sadəcə yeni bir din formalaşdırırlar. Adını eyni şəkildə İslam qoyurlar. Halbuki bunların nə “Quran”la, nə İslam kültürü ilə əlaqəsi olmayıb.
Məhəmməd Peyğəmbərə peyğəmbərlik veriləndən sonra, Məhəmməd Peyğəmbər təyin ediləndən sonra onun geyimi ilə ona düşmən olan Əbu Cəhlin geyimi arasında heç bir fərq olmayıb. Ona görə də bu anlayışların yaradılması doğru deyil.
Sadəcə olaraq, bu insanlar sanki nəsə iş görürmüşlər kimi belə anlayışlardan istifadə edirlər. Bu İslami tərəfi olmayan məsələdir. Bu, digər müxtəlif dinlərdə mövcud olan din anlayışını islamlaşdıraraq, İslami don geyindirərək insanlara sırınmasından başqa bir şey deyil”.
Günay Şahmar, Bizim.Media