Sabiq deputat, yazıçı və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün yayılan videosu rezonans doğurub. Görütülərdə onlayn iclas zamanı keçmiş deputatın gənc xanıma qarşı qeyri-etik hərəkətləri əks olunub. 76 yaşlı ahıl kişinin bu hərəkəti ciddi müzakirələr yaradıb və birmənalı qarşılanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Hüseynbala Mirələmov vəzifəsindən azad edildi - TƏCİLİ
Biabırçı hadisənin hansı toplantıda baş verməsi hələki açıqlanmır. Söyləntilərə görə görüntülər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elmi şurasının onlayn toplantısında qeydə alınıb. Universitet rəsmiləri isə bunu inkar edir. İstənilən halda Hüseynbala Mirələmovla bağlı videonun onlayn iclasda iştirak edənlərdən biri tərəfindən bilərəkdən ictimailəşdirildiyi ehtimal olunur.
Maraqlıdır, məlum görüntünü sosial şəbəkələrdə yayınlayanı hansı məsuliyyət gözləyir?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında məlum videoda şəxsi həyata müdaxilə elementlərinin olduğunu deyib:
“Görüntünün ictimailəşməsi ilə bağlı şikayət olarsa, bu, hüquqi qiymətini ala bilər. Şəxs hesab edə bilər ki, hüquqları pozulub. Şəxsi həyata müdaxilə isə qanunla cinayət məsuliyyəti yaradır.
Orada 3 ilə qədər həbs cəzası da var. Ancaq bu, araşdırmanın predmeti ilə müəyyən oluna bilər. Hüseynbala Mirələmov əslində ictimai yerdə olub və bilirdi ki, hamı ona tamaşa edir. Eyni zamanda da bu, “ZOOM” proqramına yazılır. Hansı məqsədlə bu görüntü ictimailəşibsə, araşdırılmalıdır.
Ola bilsin ki, işin motivində şəxsi alçaltmaq və ona qarşı qınaq yaratmaq məqsədi dayanır. O zaman bu əməl hüquqi məsuliyyət yarada bilər. Hətta qapalı məkanda keçirilən iclas zamanı yayılan görüntü orada iştirak edənlərin razılığı ilə olmalıdır. Amma Hüseynbala Mirələmovla bağlı görüntüdə şəxsi həyata müdaxilənin elementləri var”.
Qeyd edək ki, Hüseynbala Mirələmov insidentdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən öz ərizəsi ilə işdən azad olunub.
Alçina Amilqızı, Bizim.Media