Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın ATV-nin efirindəki çıxışı sosial şəbəkələrdə rezonans doğurub.
Barəsində qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi başlanılan qadının həbs olunmaması, üstəlik efirə çıxaraq törətdiyi cinayəti rahatlıqla danışa bilməsi ciddi müzakirələrə səbəb olub.
Ayrıca qadının azyaşlı qızının dediklərinə əsaslanaraq 10 yaşlı oğlanın sağlamlığına xətər yetirməsi, törətdiyi əməli çox rahat şəkildə ifadə etməsi, bundan qürrələnməsi Bərdə sakininin ciddi psixoloji problemlərinin olduğundan xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT: Qadın 10 yaşlı oğlanı sünnət etdi - VİDEO
Qadının sözlərinə görə, 2 yaş yarımlıq qızı sərbəst tərzdə böyüdüyündən, rahat şəkildə evdən küçəyə çıxır, hətta dükana bazarlığa da gedir.
Maraqlıdır, ciddi təzyiqlə üzləşən, travma alan və sarsıntı keçirən 10 yaşlı uşaq psixoloji dəstəyə cəlb olunmalıdırmı?
“HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu Bizim.Media-ya açıqlamasında 10 yaşlı uşağın psixologiyasında ciddi travma və fəsadların olacağından xəbər verib:
“İki yaşlı uşaq ona qarşı olan seksual hərəkəti necə deyə və ya izah edə bilər? Bu, mümkünsüzdür. Çünki bu yaşda uşaq cinsiyyət fərqini ayırd edə bilmir. Uşaqlar yalnız 3 yaşdan sonra cinsiyyət fərqini ayırd edə bilirlər. Ümumiyyətlə, 2 yaş yarımlıq uşaq o qadının dediyi kimi nə dükana gedə, nə də bazarlıq edə bilər.
O qadının dedikləri ağ yalandır. 2 yaşlı uşağın 10 yaşlı oğlan tərəfindən ona qarşı cinsi davranışlar göstərdiyini ifadə etməsini açıq şəkildə inkar edirəm. Elə bir şeyin olması mümkün deyil. Uzağı deyə bilər ki, “o məni vurdu və ya itələdi”.
Anladığım qədər o qadının özünün ciddi psixoloji problemləri var və təcili şəkildə psixiatrik xəstəxanada yatmalıdır. Qadının etdiyi davranışa rəğmən hələ də azadlıqda olması təhlükəlidir. Bu gün 10 yaşlı uşağa xüsusi qəddarlıq göstərən şəxs sabah daha təhlükəli davranışlar göstərə bilər”.
Psixoloqun sözlərinə görə, fiziki təzyiqə məruz qalan 10 yaşlı oğlanın bundan sonra ciddi fobiyaları olacaq:
“Bu fobiyaların yeniyetməlik dövründə onda cinsi meyillilik yaratma riski yüksəkdir. Cinsi meyillənmə dediyimiz məsələ homoseksuallıqdır. Bu baxımdan 10 yaşlı oğlan təcili şəkildə psixoloji dəstək almalıdır.
Post-dramatik şuur pozuntusu, şuur altına oturmadan neytrallaşmasına nail olunmalıdır. O oğlan hazırda psixoloji şok keçirib. 3 gündən sonra 2-6 aya qədər kəskin sterss rekleksi ilə üzləşə bilər ki, bu halda da yaşadığı hadisəni qəbul edə bilməyəcək. Qəbul edə bilməyəcəyinə görə isə aqressiv pozuntularla üzləşəcək.
Aqressiv pozuntular isə sinir sisteminə ciddi zərər verə bilər. 2 yaşlı uşağın psixoloji durumuna gəlincə, ümumiyyətlə 3 yaşa qədər uşaqlar sonra heç nəyi xatırlamırlar. Yəni bu hadisə 2 yaşlı uşaqda travma olaraq qalmayacaq”.
Qeyd edək ki, fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. Qadın barəsində qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi açılıb.
Amma qadın həmin maddə ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilsə də, barəsində həbs qərarı seçilməyib.
Alçina Amilqızı, Bizim.Media