Gizli həqiqətləri ortaya çıxaran YUXULARA inanaqmı?  

Gizli həqiqətləri ortaya çıxaran YUXULARA inanaqmı?  

Hazırda oxunan: Gizli həqiqətləri ortaya çıxaran YUXULARA inanaqmı?  

186229

Yuxuya inanıb-inanmamaq həmişə mübahisəli məsələlərdən olub. Bir çoxları yuxunun gələcəyin xəbərçisi olduğunu, digərləri isə şüuraltıda qalan kodlara görə yuxu gördüyümüzü bildirirlər.

Yəni böyük əksəriyyət yuxuya dərin mənalar yükləyir, bir çoxları isə onu ciddiyə almır. Yuxunun gələcəkdən xəbər verməməsinə inananlar bildirirlər ki, korların röya görməməsi və belə bir sıra məqamlar buna sübutdur. Məsələn, çox vaxt röyada tanımadığımız insanlar görürük. Lakin unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır.
 

MÖVZU İLƏ BAĞLI:

Yuxusuzluğu aradan qaldıran 5 içki – SİYAHI


Lakin İslamda yuxunun öz peğəmbəri olub. Belə ki, Yusif peyğəmbərin yuxuları yozduğu və gələcəkdən xəbərlər verdiyi bildirilir. 

Bəs, hansına inanmaq lazımdır?

İlahiyyatçı Elşad Miri Bizim.Media-ya bildirib ki, İslam dinində yuxuyla bağlı hər hansı bir qərar vermək və ona uyğun olaraq hərəkət etmək anlayışı yoxdur:

“Hətta İbrahim peyğəmbərin yuxuda oğlunu kəsməsi və realda da bunu həyata keçirmək istəməsi ilə bağlı  deyilir: “Sən onu təsdiq etdin, amma yuxu yozulmalıdır”. Ümumiyyətlə, Həzrəti Yusifi yuxu peyğəmbəri kimi təqdim etmək də doğru yanaşma deyil.  Yəni məsələ yuxunun yozulmasında deyil, söhbət hadisələrin analiz və təhlil edilməsindən gedir”. 

İlahiyyatçı qeyd edib ki, təəssüf ki, belə bir anlayış formalaşdırılıb:

“Yəni yuxunun nə olduğu ilə bağlı din heç bir qərar verməyib. Çünki röyalar anlaqsız vəziyyətdə olmağımızla, gün ərzində gördüklərimizlə, oxuduqlarımızla əlaqəli ola bilər. Məsələn, Mendeleyevin yuxuda kimyəvi elementlərin dövri cədvəlini görməsi o demək deyildi ki, bunu hamı görə bilərdi. Mendeleyev ömrünü buna həsr eləmişdi, gecə-gündüz bu elementlərlə yatıb-dururdu. Təbii ki, beynin həmin andakı formatı olaraq da onun yuxuda element cədvəlini görməsi normaldır. Dinin buna xüsusi yanaşması yoxdur”.

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, tarix boyu yuxuların əhəmiyyəti və mənası ilə bağlı bir çox mədəni və dini inanclar inkişaf edib: 

“Bəzi mədəniyyətlərdə yuxular Allah ilə ünsiyyət, elmi sferada isə şüuraltı olaraq baş verən fizioloji proses kimi tədqiqatlarda öz əksini tapıb. Elmi əsaslar yuxuların - şüuraltı düşüncələr, duyğular, təcrübələr və xatirələrin təsiri altında formalaşdığını göstərir. Yuxular həm də insana gündəlik həyatda təcrübələri analiz edərək onları anlamağa və üzləşməyə kömək edir.

Ziqmund Freyd psixologiyada yuxu anlayışının formalaşmasında əsas nəzəriyyələri ilk irəli sürən psixoanalitik və nevroloq olub. Freyd, yuxuların alt şüurun ifadəsi olduğunu irəli sürüb və yuxuların yozumu ilə insanın şüuraltı impulslarını və istəklərini anlamağa çalışıb. Freydin yuxu nəzəriyyələri yuxuların psixoloji təsiri ilə bağlı araşdırmaların əsasını təşkil edir”.

Psixoloq bildirib ki, Freyd yuxuları “şüursuzluğa aparan baş yol” kimi görür: 

“Freydə görə, şüursuz istəklər yuxularda təmin edilir. Çox vaxt özümüzə belə etiraf edə bilmədiyimiz gizli həqiqətlər orada üzə çıxır. Lakin bunlar zehnimizin tətbiq etdiyi “senzuralar” səbəbindən şəklini dəyişir. Yəni yuxular şüursuz, aşkar edildikdə narahatlıq yarada bilən, üzləşməsi çətin olan istəkləri təhrif edir.

Bu təhrif yuxunun davam etməsi üçün lazımlıdır və o qeyd edir ki, röyalar yuxunun keşikçisidir. Çünki sıx emosiyalar yaşadığımız və məzmunu aydın olan yuxular kabus kimidir və insanı oyandırıb yuxu pozuntularına səbəb ola bilər.

Röyalar arzu və yuxu arasında təəccüb doğuran kompromislərdir. Eyni zamanda, bu təhrif bizim özümüzlə qarşı-qarşıya gəlməyə göstərdiyimiz “müqavimətdir”. Bu müqavimətə görə də yuxular ya xatırlana bilmir, ya da tez unudulur.
Oyananda mənasız gördüyümüz yuxulara gəldikdə isə, onlar, əslində daxili aləmimizdə qaynayan problemlərin əksidir. Belə yuxular şüursuzluğun zamansız, məkansız, irrasional impulslarından ibarət olduğu üçün bizə zidd görünür. 

Bizdə təsirli izlər qoyan xatirələr, duyğular gündəlik hadisələrin səhnəsində başqa aktlarla, müxtəlif hadisələrlə təkrarlanır. Odur ki, yuxuların doğru izahı üçün gördüyümüz günlə əlaqəli özəl anların seçilib ayırd edilməsi vacibdir. Yalnız bundan sonra yuxu emal oluna bilən xammala çevrilir”.

Elnur Rüstəmovun sözlərinə görə, yuxuların simvolik mənaları isə psixoloji baxımdan fərqli şərhlərə malikdir:

“Psixoanaliz nəzəriyyəsi yuxuların simvolik dilini açmağa çalışarkən, fərqli simvolların fərqli mənalara sahib ola biləcəyini və yuxuların insanın şüuraltı duyğularını ifadə etdiyini müdafiə edir. Məsələn; yuxularda ev - insan bədənini simvollaşdırır, su - doğulmağı, ölüm isə yeni başlanğıcları təmsil edir. 

Karl Yunq da yuxuların kollektiv şüuraltı ilə əlaqəli olduğunu düşünürdü. Onun sözlərinə görə, bəzi yuxular bəşər tarixində ümumi simvolların əksidir. Nəhayət bunu deyə bilərik ki, yuxuya getməzdən əvvəl ağlımızdan keçənlər, gün ərzində qarşılaşdığımız insanlar, yaşadığımız bütün situasiyalar yuxularımızın məzmununa müsbət və mənfi yöndə, konkret şəkildə təsir göstərir. 
Mənfi məzmunlu yuxulara isə narahatlıq doğuran, kədərli və qorxulu yuxular - kabuslar aid edilir.

Kabus görməyinizə səbəb ola biləcək faktorlar arasında stress, narahatlıq, travma, emosional münaqişələr, fiziki xəstəliklər və istifadə edilən bəzi dərmanlar sıralana bilər. Əgər tez-tez kabuslar görürüksə və həyat keyfiyyətimiz bundan təsirlənirsə, belə situasiyalar müəyyən müddət sonra yuxu pozuntularına səbəb olur. 
Kabuslar sizi yatmaq istəməməyə və yuxulardan qorxmağa məcbur edir. Nəticədə yaranan yuxusuzluq kabusların intensivliyinin artmasına səbəb olur. Bu döngü qırılmadıqda şəxsdə daha çox psixoloji problemlər meydana gəlir. Belə halda isə mütəxəssisə müraciət etmək və psixoloji dəstək almaq şəxsin həyat məmnuniyyətində müsbət dəyişikliklər göstərəcək”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO