Mübarək Ramazan ayı sona yaxınlaşır. Bir aylıq fəzilətli yolun sonu imkanlı müsəlmanlar fitrə zəkatı verməlidirlər. Əsrlər boyu fitrə zəkatı barədə müxtəlif fikirlər söylənilsə də, ortaq qərar vermək hələ də mümkün olmayıb. Söhbət bayram axşamı çıxarılan fitrənin ölçüsündən gedir.
Məsələn, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, fitrənin adambaşına minimum həddi 10 manatdır. İstəyən, imkanı olanlar daha çox fitrə çıxara bilər. Amma buğdanın kloqramı təxminən 40 qəpik, çörəyinsə kiloqramı bir manatdır. Bu minvalla 3 kq buğda 1.2, çörəyinsə qiyməti 3 manatdır.
Bəs, niyə QMİ deyir ki, minimum 10 manat fitrə çıxarılmalıdır?
MÖVZU İLƏ BAĞLI:
“Adambaşına 10-15 manat fitrə verilməsi fətvası doğru deyil” – İlahiyyatçıdan ETİRAZ
Məsələ ilə bağlı Bizim.Media-ya danışan İlahiyyatçı Tural İrfan bildirib ki, fitrə zəkatı oruc tutan yaxud tutmayan, ailədəki hər adam başına təqribən 3 kq xurma, kişmiş, pendir, qarabaşaq, arpa, buğda, darı, mərcimək, düyü kimi ərzaq növlərindən ona görə verilir:
“Bu da ona görədir ki, bu məhsullar daha çox istifadə edilir. O demək deyil ki, başqa ərzaq növlərindən vermək olmaz. İstəyən ət məhsullarından, daha qiymətli ərzaqdan da verə bilər. Adı çəkilən məhsullar hədislərdə ona görə xatırlanıb ki, hamı verə bilsin, yaxud o dövrdə əsasən həmin ərazilərdə o məhsullar istifadə olunurdu. Ona görə bir neçə məhsulun adı çəkilib ki, kimin imkanı hansına çatsa, kimdə hansı məhsuldan olsa, ondan verə bilsin.
Tutaq ki, buğdaya imkanı çatan buğdadan, kişmişə imkanı çatan da kişmişdən fitrə verər. Amma adam başına minimum hədd 3 kiloqramdır. İllik xərclərini ödəmək imkanında olan müsəlmanlara bu zəkat növü vacibdir. Bu midardan daha çox da vermək olar. Özü gündəlik ət, düyü, ləbləbi yeyən adamın kasıbın qapısına arpa aparması təbii ki, doğru olmaz. Hərə öz yediyindən, öz büdcəsində olandan verməlidir. Məsələn, adam var ki, qara kürü yeyir. Onun kasıba bayram günü 3 kiloqram buğda verməsi İslam ənənəsinə müvafiq olmaz”.
İlahiyyatçı qeyd edib ki, fitrəni elə vermək lazımdır ki, verilən insanın qüruruna toxunmasın:
“Yəni, onu xar etməyəsən. Adam var ki, qüruruna sığışdırmır. Kasıblıq eyib deyil, Peyğəmbər buyurur ki, "fəqirlik fəxrimdir." O da kasıb olub, elə gün olub yeməyə bir xurma da tapmayıb, günlərlə ac qalmaqdan qəddi əyilməsin deyə qarnına daş bağlayıb. Ona görə də heç vaxt kasıbı, fəqiri alçaltmayıb.
Edilən yaxşılıq başqalarını da bu işə təşviq etmək üçün edilirsə, bu olar, qeyrilərinə də nümunə olar. Ancaq özünü reklam etmək üçün, göstəriş üçün edilsə, bu artıq riyakarlıqdır və dinimiz bunu qəbul etmir. Fitrə zəkatı indiki hesabla, dövrümüzün sosial vəziyyətinə görə adam başına 5-15 manat arası ola bilər. İstəyən, imkanı olan təbii ki, adam başına 50 manatlıq da fitrə verər. Onun savabı daha çox olar.
Ərzaqların kateqoriyalara ayrılması insanları çaşdırmamalıdır. Bəzən arpa, buğda, xurma, kişmiş deyirlər, möminlər də çaşbaş qalır ki, axı bunların qiyməti eyni deyil, necə edək? Ona görə bir daha xatırladırıq ki, bu kateqoriyalar, təsnifatlər ona görədir ki, kimin nümunə verilən bu və ya başqa halal ərzaqlardan hansının dəyərinə aid məbləğə gücü çatarsa, elə ondan da, o qədər də versin”.
QMİ rəsmisi bu günlərdə bildirib ki, fitrə zəkatını onlayn qaydada da vermək olar. Tural İrfan bu məsələyə də toxunub:
“Fitrənin bir mahiyyəti də insanların sosial cəhətdən əlaqələrinin yaxınlaşmasına, dostluq, mehribanlıq, isti münasibətlərin yenilənməsinə xidmət etdiyi üçün daha yaxşı olar ki, canlı verilsin. Fitrə verən özü versin. Yəni, söhbət pulda, ərzqda deyil, axı mənəvi sədəqə də var. Peyğəmbərin hədislərində adi xoş söz də sədəqə adlanıb. Hamı kartla ödəsə, bu xəstə adama yardım, ianə, kömək etməkdən fərqlənmiyəcək.
Bununla yanaşı işi, səfəri, səhhəti ilə əlaqədər özünü təqdim edə bilməyən şəxslər başqaları vasitəsi ilə də fitrələrini ünvana çatdıra bilərlər. Hətta onlayn vasitə ilə də təqdim edə bilərlər.
Ancaq bu, istisna hallarda ola bilər. Lakin, bunu ənənəvi hala salmaq olmaz. O zaman İslamın, Ramazanın sosiallıq mahiyyətinə zidd olmuş olar.
Məsələn, kasıb adamın evinə qonaq getmək, hal-əhval tutmaq, fitrəni də pay qismində təqdim etmək olar. Fitrə verərkən onun məhz fitrə olduğunu demək də ədəbə ziddir. Fitrəni ictimailəşdirmək də olmaz. Çünki mömin müsəlmanlar dinimizə görə ehtirama layiqdir və müsəlmanın ehtiramına, şəxsiyyətinə, qüruruna xələl gəlməməlidir”.
Surxay Atakişiyev, Bizim.Media