"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının son görüntülərini yayıb.
Bizim.Media-nın məlumataına görə, stansiyada I mərhələ üzrə yol yatağının sökülməsi ilə bağlı işlər başa çatmaq üzrədir.
Xatırladaq ki, səhmdar cəmiyyəti koronavirus (COVID-19) pandemiyasına görə sərnişindaşımada yaranmış fasiləni nəzərə alaraq daha bir mühüm yenilik həyata keçirməyi qərara alıb. Metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur.
MÖVZU İLƏ BAĞLI:
Metrodan əlinizi üzün – İŞLƏMƏYƏCƏK!
Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir.
Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.
Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.
Layihənin ən optimal qısa müddətdə həyata keçirilməsi üçün tədbirlər planında iş ardıcıllığı, aidiyyatı sahələrin fəaliyyətinin və maşın-mexanizmlərin cəlb edilməsinin sinxronluğu müəyyən edilib. Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib.
Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.
İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.
Mərhələli təmir-yenidənqurma işləri çərçivəsində 1985-ci ildə istifadəyə verilmiş stansiyanın üzərində yerləşən inzibati binanın fasad örtüyünün bərpa işləri aparılır.
Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb. Hazırda pandemiya dövrünün tələblərinə ciddi əməl olunmaqla təşkil edilmiş bərpa işlərinin böyük hissəsi arxada qalıb.
Bizim.Media