Dövlət qurumlarının “qaynar xət”lərinə gündəlik neçə müraciət daxil olur? – SORĞU 

Dövlət qurumlarının “qaynar xət”lərinə gündəlik neçə müraciət daxil olur? – SORĞU 

Hazırda oxunan: Dövlət qurumlarının “qaynar xət”lərinə gündəlik neçə müraciət daxil olur? – SORĞU 

185830

Vətəndaşların qurum və şirkətlərlə daha rahat, çevik formada əlaqə saxlaması, yaranmış problemlərlə bağlı onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə dövlət orqanlarında “qaynar xətt” fəaliyyət göstərir. Belə olan halda, vətəndaşlar evdən çıxmadan öz problemlərini bir zəng vasitəsi ilə həll etmiş olurlar.

Bir sıra qurumların “qaynar xətt”i müraciət edən şəxsə operativ cavab vermədiyinə görə vətəndaşlar tez-tez bu vəziyyətdən gileylənirlər. Çünki adı “qaynar xətt” olan çağrı mərkəzləri qaynar məsələləri anında dinləyərək vətəndaşa kömək göstərməlidir. Bunun üçün isə çağrı mərkəzlərində əməkdaş sayı vətəndaş müraciətlərinin sayına adekvat olmalıdır.

Maraqlıdır, ölkənin ən çox müraciət olunan qurumlarının çağrı mərkəzlərinə gün ərzində nə qədər müraciət daxil olur?

Daxili İşlər Nazirliyi 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Bizim.Media-ya bildirib ki, DİN-in “102” Xidmətinə gün ərzində təxminən 16 min zəng daxil olur:

“Son 3 ay ərzində isə bu rəqəm 1 milyona bərabərdir. Həmin zənglərin mahiyyəti öyrənilməklə hər birinə çevik reaksiya verilir, müraciətin formasından məzmunundan asılı olaraq polis orqanlarına yönləndirilməsi təmin edilir.

Fəaliyyətin fasiləsiz təşkil olunmasının effektiv nəticəsidir ki, “qaynar” xəttə daxil olan heç bir müraciətə laqeyd yanaşılmır. Aparılan təhlillər onu göstərir ki, zənglərin 70 faizi DİN-in fəaliyyətinə uyğun olmayan məsələlərdir. Bu tipli müraciətlər də dinlənilir, vətəndaşa adekvat cavablar verilir. 
Hər bir zəng üzrə, müraciətin nəticəsi ilə hesabatlılıq təmin olunur. Burada da məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Eləcə də, zəng mərkəzinə gün ərzində daxil olan müraciətlərin aidiyyəti dövlət qurumları ilə də əlaqələndirilməsi diqqətdə saxlanılır”.

Fövqəladə Hallar Nazirliyi 

Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, “112” çağrı mərkəzinə adi günlərdə 5-7 min müraciət daxil olur:

“Çağrı mərkəzimiz bayram günlərində gücləndirilmiş rejimdə işləyir. Bayram vaxtı qaynar xəttimizə 10-12 min zəng gəlir. Çağrı mərkəzinin əməkdaşlarının sayı kifayət qədərdir və buna görə də müraciət edən vətəndaşlar gözlədilmir, zəngləri dərhal cavablandırılır”.

TƏBİB

Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyindən isə bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin "103" Çağrı mərkəzinə Bakı şəhəri üzrə gün ərzində 2000-dən çox ümumi müraciət qeydə alınır:

“Bayram günlərində isə bu rəqəm 2500-3500 arasında dəyişir. Bakı şəhəri üzrə "103" Çağrı mərkəzinin dispetçer mərkəzində çağırışın qəbulu və ötürülməsi üzrə 33-35 nəfərə yaxın tibb bacısı xidmət göstərir.  Onlar 12 saatdan bir növbə dəyişməklə 24 saat fasiləsiz fəaliyyət göstərirlər”.

Azəriqaz

“Azəriqaz” İB-nin “104” çağrı şöbəsinin rəisi Xalidə Şimşək isə bildirib ki, gün ərzində onların “qaynar xətti”nə 1500-1600 zəng daxil olur:

“Daxil olan zənglərdən 7%-i qaz sızmaları, 40%-i sayğaclar, 25%-i qaz təchizatı, 28%-i isə informasiya xarakterli olur. “104” çağrı mərkəzi 7/24 fəaliyyət göstərir. Növbə ərzində 20 operator zənglərə cavab verir. Ümumilikdə isə, çağrı mərkəzimizin 115 əməkdaşı var. Onlar 4 növbəlilik prinsipi ilə çalışırlar”.

Azərsu

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, “955” çağrı mərkəzinə gün ərzində 2000 civarında zəng daxil olur:

“Müraciətlərin ən çox su təchizatı, kanalzasiya sistemi və sayğaclarla bağlı olur. Bizim “qaynar xətt”imiz 24 saat fəaliyyət göstərir, əməkdaşlar rejimlə işləyirlər. Çağrı mərkəzimizdə gündüz 5 dispetçer, 1 mühəndis, axşam isə 2 əməkdaş çalışır”.

Azərişıq

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, gün ərzində "199" çağrı mərkəzinə 4 minə yaxın zəng gəlir: 

"Günlük zəng sayı orta hesabla 3900 olur. Müraciətləri eyni anda 16 operator cavablandırır".

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO