Sosial şəbəkələrin ACINACAQLI TRENDİ – Valideynlər niyə övladlarını öz oyunlarına alət edirlər?

Hazırda oxunan: Sosial şəbəkələrin ACINACAQLI TRENDİ – Valideynlər niyə övladlarını öz oyunlarına alət edirlər?

185498

Xəbər verdiyimiz kimi bu günlərdə sosial şəbəkələrdə bir valideynin körpəsinə siqaret öyrətməsinin görüntüləri paylaşıb. Təbii ki, valideynin bu hərəkəti ciddi narazılıq və etiraz doğurub. Son nəticədə isə valideyn barədə hüquqi ölçü götürülüb.

Ümumilikdə isə son dövrlərdə valideynlərin sosial şəbəkələrdə uşaqlarından əyləncə, bəzən də pul qazanmaq üçün istifadə halları artır.

Bəs, valideynlər öz çirkin məqsədləri üçün övladlarını niyə “qurban” seçirlər? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, “TikTok” və digər sosial şəbəkələr əslində bəzi "valideyn”lərin hüquqa və əxlaqa zidd davranışlarını üzə çıxarmaq, ailələrdə sosial-psixoloji mühiti öyrınmək üçün maraqlı indikatorları üzə çıxarır:

“Sosial şəbəkələri nədənsə "boz zona" hesab edən istifadəçilərə elə gəlir ki, onlar bu sosial şəbəkə vahidləri üzərindən istədiklərini edə, məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl ata bilərlər. Hətta öz övladlarını belə çirkin, qeyri-qanuni, qeyri-etik məqsədləri naminə istifadə edə bilərlər. 

Belə ki, onlar öz paylaşımlarına daha çox diqqət çəkmək üçün övladlarına siqaret çəkdirə bilər, söyüş söydürə bilər, hərəkətlərindən, bədən dillərrindən istifadə edə bilər. Həm də övladlarının razılığı olub, olmasından asılı olmayaraq… 

Onlar unudurlar ki, bu əməlləri ilə uşaqlara gələcək üçün çox utanverici "miras" qoymuş olur, onların neqativ sosiallaşmasını stimullaşdırır, pis vərdişlərə, qeyri-sağlam həyat tərzlərinə körükləyirlər. Belə əməl törədən "valideynlər" valideynlik missiyasını başa düşmürlər. Deməli, ailəli olsa da, həmin valideyn məsuliyyətindən xəbərsizdir, eyni zamanda, hüquqi savadlılığı yoxdur. Çünki törətdiyi əməllərin həm mənəvi, həm hüquqi məsuliyyət yaratdığının fərqində deyil”.

“Valideynlik hüququ uşaq mənafeyinə zidd ola bilməz”

Sosioloq təəssüflə bildirdi ki, bir əsrdən çox keçməsinə baxmayaraq Sabiranə təsvirdə olduğu kimi" oğul mənimdir əgər, oxutmuram əl çəkin” düşüncəsilə hələ də övladına mülkiyyət kimi baxan, ondan alət kimi istifadə edən" valideyn”lər hələ də var:

“Bu da öz növbəsində ailə quracaq gənclərlə, eləcə də bir sıra gənc ailələrlə sosial psixoloji, hüquqi, maarifləndirmə işini zəruri edir. Onlar unudur ki, bu və ya buna bənzər əməllərin valideyn hüququndan məhrumetməyə qədər ağır mənəvi, hüquqi məsuliyyəti var. Bu hüquqdan məhrumolunmanın mənəvi psixoloji çəkisini təsəvvür edən hər kəs övladlarına dəyər verməli, onların hüquqlarına hörmətlə yanaşmalı, öz merkantil məqsədləri üçün makievelist tərzdən uzaq durmalıdır.

Belə "valideyn”lər unutmamalıdırlar ki, uşaq təkcə onun övladı deyil, cəmiyyətin, dövlətin, toplumundur. O uşaq öz tərzi, hərəkətləri, həyat hekayələri ilə ekomühit yaradan bir şəxs, vətəndaşdır. Cəmiyyətdə yaşayırıqsa, onun qayda və normalarına, hüquqi dövlət vətəndaşı kimi qanunlara hörmətlə yanaşmağa borcluyuq. Hər bir vətəndaşın doğulduğu andan etibarən konstitusion hüququ yaranır və bu hüququ heç kim poza bilməz. Valideynlik hüququ uşaq mənafeyinə zidd ola bilməz”. 

Üzeyir Şəfiyev sözü gedən" valideyn"in hüquqazidd əməllərinin dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkməsini təqdirəlayiq hadisə adlandırıb:

“İnanırıq ki, törədilən belə əməllər adekvat qiymətləndiriləcək. Eyni zamanda, sosial şəbəkələrlə bağlı hüquqi tənzimləmə mexanizmi təkmilləşəcək, bu istiqamətdə hüquqi marifləndirmə işləri sosial çarxlar və digər vasitələrlə cəmiyyətə çatırılacaq”. 



Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO