Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin quraşdırılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur.
Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir. Uzun illər bu ərazidə piyadaların yol keçməsi dəfələrlə məktəbli ölümlərinə səbəb olurdu.
Qeyd edək ki, keçidin quraşdırılması ilə əlaqədar bu gün prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bildirək ki, keçidin uzunluğu 14 metrdir. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu