Nicat İsgəndərovun qəhrəmanlıq HEKAYƏSİ – “Toyuna hazırlaşırdı, şəhid xəbəri gəldi...” – FOTO 

Hazırda oxunan: Nicat İsgəndərovun qəhrəmanlıq HEKAYƏSİ – “Toyuna hazırlaşırdı, şəhid xəbəri gəldi...” – FOTO 

185306

2016-cı il aprel döyüşlərində şəhid olan gizir Nicat İsgəndərov anılıb. 

Şəhidin doğulub böyüdüyü ünvana toplananlar onunla bağlı xatirələrini bölüşüb. Şəhidin Tərtər rayonundakı barelyefi önündə çıxış edənlər şanlı aprel zəfərindən, həmin döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun göstərdiyi peşəkarlıqlardan geniş söhbət açıblar. Barelyef önünə əklil və gül dəstələri düzülüb. 

Nicat İsgəndərovun həyat hekayəsi 

2016-cı il tarixin bu günündə cəbhənin Füzuli istiqamətindən şəhidlik xəbəri gəlmişdi Nicat İsgəndərovun ailəsinə. Atası Bəhruz kişi deyir ki, döyüşlər başlayanda oğlundan narahat idi. Çünki kasıblıqla böyüyən Nicat həm də ata-ananın bir oğul övladı, cəmi bir bacının tək qardaşı idi. 


Amma Bəhruz kişi keçirdiyi narahatlığın səbəbini onun təkliyinə yox, qoçaq olduğuna  bağlayır: 

“Evin tək oğlu olmasına baxmayaraq onu çox bərkə-boşa salmışdım. Sınaqlardan keçirmişdim. Körpəlikdən idmanla məşğul idi. O, hərbçi peşəsini seçəndə bizə kəşfiyyatçı ixtisasında olduğunu bildirməmişdi. Çox sonralar bildik ki, Nicat kəşfiyyatçıdır. 

Aprel döyüşləri başlayanda isə çox narahat oldum. Əmin idim ki, düşmən təxribatının qarşısını almaq üçün əks hücuma keçən hərbçilərin içərisində Nicat da var və o öndə gedənlərdəndir. Mən ona görə narahat idim, bilirdim ki, Nicatım şəhid olacaq, oldu da... Vətənimiz, dövlətimiz sağ olsun. Onunla fəxr edirəm”, - deyir, şəhid atası Bəhruz İsgəndərov. 


Lələtəpə və onun ətrafında yerləşən atəş mövqelərini ələ keçirməklə susdurmaq məqsədi ilə təşkil olunan əks hücum əməliyyatı zamanı kəşfiyatçı Nicatın da xidmət etdiyi qrup döyüşə girir. Qruq qarşısına qoyulan döyüş tapşırığını uğurla yerinə yetirir. Lakin düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəman gizir şəhadətə yüksəlir. Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salınıb.  

Nicat şəhid olanda nişanlı idi. 

Necə deyərlər, könül verib söz almışdı. Anası Maya İsgəndərova deyir ki, böyük həvəslə onun toyuna hazırlaşırdı. Hər tədarükünü görüb gəlin, nəvə boyu sevirdi. Bəy otağını isə elə igid bəyin özü təmir edirmiş: 


“Hər dəfə gələndə bir şey alıb otağını təmir edirdi. Çox həvəsliydi. Xonçası bağlı, bəy otağı qara gəldi. İndi onun bəy otağının pəncərəsindən baxanda məzarı görünür. Başının üstünda dalğalanan bayraqdır təsəllim. Azərbaycanın bütövlüyüdür təsəllim. Balamla, Nicatımla fəxr edirəm”, - deyir, Maya İsgəndərova. 

Aprel döyüşlərinin növbəti ildönümü ilə əlaqədar olaraq bu gün qəhrəman şəhidin məzarını ziyarət edənlər də az olmayıb. Müharibə əlilləri, şəhid ailələri üzvləri, ictimayyət nümayəndələri və məktəblilər N.İsgəndərovun məzarını ziyarət edərək onun ruhuna ehtiram nümayiş etdiriblər. 
Xatırladaq ki, Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 












Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO