Artıq 44 günlük müharibənin üzərindən il yarımdan çox zaman keçib. Amma bununla bağlı ərsəyə gətirilmiş film görmürük. Hansı ki, bu cür filmlər Vətən Müharibəsi, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün körpü rolunu oynaya bilər.
Maraqlıdır, bu cür filmlər niyə çəkilmir? Azərbaycan film industriyası belə kinoların ərsəyə gətirilməsinə hazır deyilmi?
Bununla bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycan kinosu uzun tarixə malik incəsənət sahəsi olsa da, heç vaxt kino sahəsinin aparıcı ölkələrindən sayılmayıb:
“Sovet dövründə mərkəzi Rusiya şəhərlərində və Belarusiya, Ukrayna və s. kimi əsas respublikalarda, hətta qonşu Ermənistan və Gürcüstanda da müəyyən mənada filmlər daha çox inkişaf etmişdi. Azərbaycan kinosu məhz 50-ci illərdən sonra - bizim milli kinomatoqrafçılar nəslinin yetişməsi ilə inkişaf etməyə başladı. Kino tariximizə fikir versəniz, ilkin vaxtlarda Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Rəsul Rza kimi şəxslər bu sahəyə təsir etmək istəyir, milliləşdirməyəçalışırdılar. Lakin dünya və həyat yerində durmur, tez-tez dəyişikliklər olur, indi bu, daha da sürətlənib. Buna uyğun estetik düşüncələr, kulturoloji fikir və mövqelər dəyişir. Vaxtilə kino yaradıcı incəsənətin böyük bir sahəsi sayılırdı, amma indi kinonun bu möqveyi yoxdur. Kino daha çox ya müəyyən müəlliflərin düşüncə tərzinin ifadəsi kimi ya kommersiya xarakterli, insanları əyləndirmək üçün, çox az qismdə maarifləndirici, daha az qismində isə ciddi sənət nümunəsi kimi çəkilir. Amma bunlar da tez arxivə gedir, nəinki, nümayiş olunur.
Azərbaycanda kütləvi şəkildə kinoteatrların ləğv edilməsi, təyinatının dəyişdirilməsi, özəlləşdirilməsi, sökülüb əvəzində müxtəlif yaşayış binaları, ticarət mərkəzləri tikilməsi bir tərəfdən də kinonun inkişafına mənfi təsir etdi”.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda Qafqazda olmayan ən böyük kinostudiya yerləşir və oranın geniş sahəsi var:
“Orada hələ də nəhəng, kreativ sənayə mərkəzi yaratmaq mümkündür. Əgər biz bunu edə bilsək, həm milli filmlərimizin yeni mərhələsinə keçid ala bilərik, həm də ümumiyyətlə kommersiya xarakterli xarici filmlərin çəkilişi üçün imkanlar yaratmış olarıq, bundan da büdcəyə müəyyən xarici valyutalar gələ bilər. Digər tərəfdən, kino industriyası üçün mütəxəssislər, texniki avadanlıqlar, estetik tələblərə cavab verən xüsusi peşəkarlar, kommersiyalaşdırılmış industriya, dövlətin, ayrı-ayrı fondların, özəl təşkilatların maliyyə dəstəyi, kinonun inkişafı ilə bağlı fondların və tamaşaçı istəyi çox önəmlidir. Bu baxımdan Azərbaycanın kino bazarı məhduddur və filmlər, xüsusilə də ideoloji məsələlərdə filmlərin istehsalı ilə bağlı müəyyən problemlər yaşayırıq.
44 günlük müharibə ilə əlaqədar çoxlu sənədli-bədii, televiziya filmləri çəkilib. İlk baxışdan adama elə gəlir ki, canlı yayımlanan bu müharibə haqqında başqa nə çəkmək, yazmaq olar? Amma müharibənin görünən və görünməyən tərəfləri var. Görünməyən tərəfləri haqqında o qədər dəyərli əsərlər yaratmaq olar ki... Məsələn, “İnsan taleyi” əsərini yada salaq və ya “Əsgər atası”, “Döyüşə qocalar gedir” və s. filmlər. Bizim öz milli filmlərimizi xatırlayaq – “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və başqaları. Görün, nə gözəl kinolar var idi və indiyə qədər də baxılır. Niyə indi də bu, olmasın? Əlbəttə, bunun üçün qonarar sistemini işə salmaq lazımdır”.
Ekspertin fikrincə, ssenaristlər arasında çox rəqabətli yarışlar təşkil edilməlidir:
“İlk əvvəl gözəl ssenari, sonra rejissor işi olmalıdır. Daha sonra filmi istehsal edən zaman fikirləşmək lazımdır ki, bu, kommersiya, dövlət əhəmiyyətli ideoloji bir film, xarici festivallar üçün nəzərdə tutulmuş, yoxsa müəllif filmidir. Bunlar fərqli anlayışlardır və qeyd edilənləri nəzərə almasaq, kinonun inkişafından söhbət aça bilmərik.
Müharibə hələ də davam edir – çünki ideoloji müharibə ilə yanaşı, eyni zamanda kulturoloji kreativ, informasiya savaşı da baş verir. Bildiyim qədərilə, “Artsax”ın Ermənistan olması ilə bağlı artıq orada serial, filmlər çəkilib və növbəti kinoların da çəkilməsi nəzərdə tutulur. Onun Yerevanda təqdimatı ilə bağlı biz öz ekspert rəyimizi verdik, ciddi tənqid etdik. Amma fakt odur ki, bunlar var və belə hadisələrə qarşı birgə mübarizə aparmaq lazımdır. Gözləmək lazım deyil ki, ermənilər film çəksin, sonra bizimkilər də buna qarşı nəsə düşünsünlər. Öz orjinal filmlərimizi çəkməliyik. Hələ ki Azərbaycan müharibə, savaş filmləri arasında tək-tük seçilənlər var ki, onlar da ancaq daxili auditoriya üçündür. Xarici auditoriya onu o qədər də qəbul etmir və festivallarda da yer tutduqlarının şahidi olmuruq. Bu baxımdan yaradılması haqqında sərəncam verilən Kino Agentliyi müəyyən işlər görə bilər. Ancaq orada da rejissorlar, kinoçular Mədəniyyət nazirinin qohum-əqrəbalarından seçiləcəksə, bizim kimi müstəqil ekspertlərin fikirləri nəzərə alınmayacaqsa, inanmıram ki, hansısa dəyişiklik olsun. Filmlər həm də bir növ kreativ təsir vasitəsidir. Yəni Qarabağda, Xocalıda, Qərbi Azərbaycanda baş verən hadisələri kino dilində, amma müasir dövrün tələblərinə, estetik kino dəyərlərinə uyğun tamaşaçılara çatdırmalıyıq”.
Günay Rəsulqızı
Sfera.az
MÖVZU: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
QEYD: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.