“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda ikinci günün sonuncu panel iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Belçikanın sabiq Baş naziri İves Letermenin moderatorluq etdiyi müzakirələr “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzusunda olub.
Forumun 7-ci panel sessiyasında çıxış edən Münxen Təhlükəsizlik Konfransının Fond Şurasının prezidenti Volfqanq İşinger ölkələrin ərazisində boz ərazilərin yaranmasının qarşısını almağın mümkünlüyünü qeyd edib: “Bunun qarşısını almaqda bir sıra təsisatlar bizə kömək edə bilər.
NATO hərbi müttəfiqdir. Ancaq onun aparıcı ölkəsi Amerika Birləşmiş Ştatlarıdır. Digər böyük təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Həmin təşkilata daxil olan ölkələr vahid mövqe əsasında qərar verirlər. Ancaq BMT-də belə deyil. Lissabon sazişi isə mürəkkəb detallarla izah edilir. Biz hər hansı bir ölkənin təkbaşına qalmasının qarşısını almalıyıq".
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa ölkələrin öz vətəndaşlarına tətbiq etməli olduğu azadlıq və demokratiyadan bəhs edib.
Çinin Renmin Universitetinin maliyyə tədqiqatları üzrə Çonqyanq İnstitutunun dekanı Vanq Ven çıxışında süni intellektin bəşəriyyət üçün təhdidlər törədəcəyini diqqətə çatdırıb. O, qlobal idareətmənin süni zəkaya həvalə edilməsinə qarşı çıxmağın zəruriliyini vurğulayıb. Vanq Venin sözlərinə görə, əks halda təhdidlər artacaq.
Azərbaycanla Çin arasında əlaqələrdən danışan V.Ven qeyd edib: “Azərbaycan Çinin çox vacib iqtisadi partnyorudur. “Bir kəmər, bir yol” layihəsi ilə sıx əməkdaşlıq edirik. Azərbaycan region üçün olduqca vacib tərəfdaş ölkə hesab edilir”.
Monqolustanın sabiq Prezidenti Nambarin Enxbayar ölkəsinin bütün dünyanın dost olması konsepsiyasını hazırladığını və birtərəfli situasiyada qalmaq istədiyini diqqətə çatdırıb:
“Böyük ölkələr üzərində olan öhdəlikləri yerinə yetirmir. Bu, yanlış istiqamətdir. Bütün dünyanın taleyüklü məsələsi beş ölkənin qərarına bağlıdır. Bizə isə heç nə qalmır. Yalnız BMT-də təmsil olunan beş ölkəyə taleyimizi həvalə etmişik. Hesab edirəm ki, veto hüququ beş ölkənin əlindən alınmalıdır. BMT daha məsuliyyətli orqana çevrilməlidir. Həmin təşkilat böyük güclərin iradəsini səsləndirən təşkilat olmalı deyil, bütün dünyanın mövqeyini əks etdirməldir. Təhlükəsizlik Şurasında təmsil olunan beş ölkə aparıcı ölkələrdir. Digər ölkələr iqtisadi və hərbi cəhətdən bu ölkələrdən asılıdır. Bu isə çoxqütblü dünyada ədalətsizliyə gətirib çıxarır. Biz mürəkkəbliyi özündə ehtiva edən dünya yaratmalıyıq. Dünyada konsensus əsaslı səsvermə mexanizmi təşviq olunmalıdır”.
Amerikanın xarici siyasət üzrə milli komitəsinin baş icraçı direktoru və prezidenti Suzan Eliot Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) təşkilatının fəaliyyətində bəhs edib. Bildirib ki, ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yer alır.
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni İsrail-Fələstin münaqişəsi barədə danışıb.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç hər bir dövlətin Avropa İttifaqına üzv qəbul edilmək istədiyini deyib: “Bu gün bir çox ölkələr tərəqqiyə imza atıb və yaxşı həyat tərzini yaradıb. Regionumuzda Bosniya və Hersoqovina Avropaya doğru addım atıb və üzvlük astanasındadır.
NATO isə bir seçim deyil, sadəcə hərbi ittifaqdır. BMT-nin Nizamnaməsinə uyğun fəaliyyət göstərən bir təşkilatdır. NATO bizə düşmən deyil. NATO- nun əməliyyatları açıq şəkildə bəyan edilib”.
Litvanın sabiq Prezidenti Daliya Qribauskayte isə bildirib ki, təhlükəsizlik insfakturu yaradılsa da, faktiki olaraq bu, bir çox təşkilatlarda dağıdılıb: “Yaxın Şərqdə biz artıq müdrik liderliyin və təhlükəsizliyin azalmasına şahidlik edirik. Avropa isə təhlükəsizliklə bağlı boşluqların doldurulmasına cəhd göstərir”.
Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun ikinci gününün müzakirələri başa çatıb.
Bizim.Media