Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi “Narkotələ-40” adlı əməliyyatlar keçirib.
Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib.
Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla “qara bazar”-da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.
Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Bizim.Media