Hər il Bakı yollarına milyonlar xərclənir. Paytaxtın istər mərkəzi, istərsə də ətraf qəsəbələrindəki yollar əsaslı təmir olunur. Bəzi yollar isə təmir olunub istifadəyə veriləndən bir müddət sonra ya çökür, ya da hansısa kommunikasiya işləri düzgün aparılmadığından qazılaraq yenidən bərpa olunur.
Maraqlıdır, ötən il Bakı yollarının təmir-bərpa işlərinə təxminən nə qədər vəsait ayrılıb?
Bizim.Media həmin il üçün paytaxt yollarına dövlət büdcəsindən ayrılan vəsaiti araşdırıb.
MÖVZU İLƏ BAĞLI:
Modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yekunlaşır - FOTO
Məlum olub ki, ötən ilin dekabrında ölkə başçısının Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 500 min manat vəsait ayırıb.
Elə həmin ay Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350,0 min manat ayrılıb.
Ötən il Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki avtomobil yollarının da əsaslı təmiri nəzərdə tutulub. Bu məqsədlə ölkə başçısı Sərəncam imzalayıb və Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmir edilməsi üçün 450,0 (dörd yüz əlli) min manat vəsait ayırıb. İşlərin görülməsini isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edib.
Digər əsaslı təmir Nərimanov rayonu ərazisindəki avtomobil yolları üçün nəzərdə tutulub. Bu yolların təmirinə isə 600 min manat ayrılıb.
Dövlət başçısı Bakı şəhərinin Səbail rayonu ərazisindəki avtomobil yollarının əsaslı təmiri ilə bağlı da aidiyyəti quruma tədbirlər görülməsini tapşırıb. Sərəncamla sözügedən rayonun avtomobil yollarının əsaslı təmiri məqsədilə 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350 min manat ayrılıb.
Bundan əlavə analoji addım Suraxanı rayonu ərazisindəki avtomobil yollarına atılıb. Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600,0 (altı yüz) min manat ayrılıb.
Ümumilikdə isə ötən il paytaxtda yolların təmirinə 2,850 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, sıraladığımız 6 rayondakı avtomobil yollarının hələki təmirinə başlanılmayıb.
Alçina Amilqızı, Bizim.Media