Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə Milli Məclisə təqdim etdiyi məruzəsində bir maraqlı məqam öz əksini tapıb.
Ombudsman qeyd edib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına verilir:
“Bununla belə, tədris proqramının tam qavranılması üçün zəruri köməkçi vəsaitlərin, habelə iş dəftərlərinin şəxsi vəsait hesabına alınması narazılıqlara səbəb olur. Tədris üçün zəruri olan köməkçi vəsaitlərin, o cümlədən iş dəftərlərinin valideynlərin şəxsi hesabına əldə edilir, bu vəziyyət valideynlərin, ələlxüsus aztəminatlı ailələrin narazılığına səbəb olur.
Eyni zamanda uşaqların həmin köməkçi vasitələr olmadan tədris proqramını tam qavraması da mümkün deyil. Ona görə də şagirdlərə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə birlikdə məhz dövlət hesabına verilməsi məqsədəmüvafiqdir”.
MÖVZU İLƏ BAĞLI:
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
“Dərsliklər lazımi bilikləri tam əldə etməyə kifayət etmir”
Təklifə bağlı təhsil üzrə ekspert Kamran Əsədov fikirlərini Bizim.Media ilə bölüşdü. O bildirdi ki, təqdirəlayiq təşəbbüsdür:
“Bizim 4 min 432 orta məktəbdə 1,6 milyon şagird təhsil alır. Həmin şagirdlərə 2004-cü ildən etibarən dərsilklər dövlət tərəfindən pulsuz verilir. Valideynlər ancaq çanta və digər dərs vəsaitləri alırlar.Etiraf edək ki, dövlətin təhsillə bağlı məzmun standartları 2008-ci ildən tətbiq edilən kurikulum standartlarına görə dərsliklər tərəfindən rellaşdırılır. Yəni dərslikdə verilən tapşırıqlar şagirdlərdə zəruri bilik və bacarıqları formalaşdırmaq üçün yetərli olmalıdır.
Amma etiraf edək ki, dərsliklərin həcmi, ordakı informasiya yükü şagirdlərə lazım olan bilik və bacarıqları əldə etməyə imkan vermir. Ona görə də valideynlər övladlarına mövzuları öyrətməkdən ötrü əlavə iş dəftərləri və köməkçi vasitələri, testlər alırlar ki, övladları mövzunu daha yaxşı mənimsəsin. Etiraf edək ki, həmin vəsaitlərə verilən pullar kifayət qədər böyükdür. Sosial durumu yaxşı olan ailələr bu vəsaitləri ala bilir, övladlarına daha yaxşı təhsil verirlər. Amma bir çox valideynlər imkansızlıq səbəbindən bunu edə bilmir”.
Kamran Əsədov daha bir vacib məqama da toxunub:
“Bəzi müəllimlər hansısa nəşriyyatlarla, çap yerləri ilə razılaşıb müəyyən faizə işləyir. Belə resurslar da o qədər də əhəmiyyətli olmur. Ona görə də bəzi valideynlər haqlı olaraq narazılıq edir. Təbii ki, bu cür narazılıq və nöqsanların aradan qaldırılması üçün dərsliklərlə bərabər, yardımçı vəsaitlər də pulsuz verilsə, daha yaxşı olar.
Əlavə vəsaitlərin pulsuz verilməsi təkcə valideynlərin sosial durumuna müsbət təsir etməyəcək, həm də müəllimlərə tədrisin keyfiyyətli təşkilinə də kömək edər. Çünki müxtəlif nəşriyyatlar və müəlliflər tərəfindən müəyyən vəsaitlər çap olunur. Amma həmin vəsaitlərin bir qismi tədrisə uyğun olmur. Bu dövlət tərəfindən edilsə, onda dövlətin məzmun standartları da burada formalaşa bilər”.
“Tədris prosesindəki bütün vasitələr pulsuz olmalıdır”
Millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, bu gün Azərbaycanda tədris dövlət hesabınadır:
“Dövlət hesabına olan bütün məktəblərdə dərsliklər dövlət tərəfindən qarşılanır. Ona görə də bütün yük dövlətin üzərinə düşdüyü üçün Ombudsmanın da təklifi ciddi şəkildə araşdırılmalıdır. Belə bir məsələ varsa, ona yenidən baxılmalıdır. Zəruri köməkçi vəsaitlər, habelə iş dəftərləri də dövlət tərəfindən qarşılansa yaxşı olar. Çünki, biz bəyan etmişik ki, dövlət müəssisələrində təhsil pulsuzdur. Ona görə də dərsliklər kimi əlavə ləvazimatlar da pulsuz olsa, pis olmaz.
Bu məsələ hökmən öz həllini tapmalıdır. Bu istiqamətdə biz addımlarımızı atmalıyıq. Aidiyyatı qurumlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Yenə deyirəm ki, əgər tədris pulsuzdursa, ona bu məsələdə istisnalar olmamalıdır. Tədris prosesindəki bütün vasitələr pulsuz olmalıdır. Əslində bu dövlətimizin sosial siyasətinə də tam cavab verir”.
Surxay Atakişiyev, Bizim.Media