Əli Həsənov FETÖ ilə birgə dövlətə meydan oxuyur - FAKTLAR

Əli Həsənov FETÖ ilə birgə dövlətə meydan oxuyur - FAKTLAR

Hazırda oxunan: Əli Həsənov FETÖ ilə birgə dövlətə meydan oxuyur - FAKTLAR

18069

Uzun müddətdir ki, əksər media qurumları Prezident Administrasiyasının keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovu hədəf alıb. Vəzifədə olduğu dövrdə etdiyi əməllər və qanunsuz fəaliyyətləri bir-bir gün üzünə çıxarılır. Prezident Administrasiyasından bir anda Dövlət İdarəçiliyi Akademiyasındakı kafedra müdirliyinə qədər düşən, daha sonra bu postunu da itirən Əli Həsənov səhər axşam oxşar hücumlara məruz qalır. 

Bu cür hücumlara və Əli Həsənov haqqında yazılan silsilə yazıları başa düşmək olar. Ən əsası ona görə ki. Azərbaycan mətbuatını bu vəziyyətə gətirən elə məhz Əli Həsənovun özüdür. Vəzifədə olduğu illər ərzində özünün qurub yaratdığı yeni jurnalistika bu dəfə elə Əli Həsənovun özünü hədəf alıb.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, sifarişli yazıları, reket jurnalistikanı, ələ baxan yazarları yetişdirən Əli Həsənov indi də öz yaratdığı adamların hücumuna məruz qalır.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun telekanalı bağlandı - FOTO


Lakin deyəsən mətbuatda adının tez-tez hallanması sabiq şöbə müdirini ciddi narahat edir. Hələ də əlində güc olduğunu düşünən Əli Həsənov yıxılmadığını, əksinə güclü şəkildə ayaqda durduğunu göstərməyə çalışır.

Əli Həsənovun yeni planı

Son günlərdə baş verən bəzi hadisələr də Əli Həsənovun hardansa güc aldığını göstərir. Məlumatlara görə, Əli Həsənovun yaxın kadrları hesab olunan Gülsel Səfərova, Bəhruz Həsənov və Cəmaləddin Quliyev hazırda Sahil metrosunun üstündə yerləşən biznes mərkəzində bir araya gəliblər. Qeyd edək ki, bu biznes mərkəzi birbaşa Əli Həsənova məxsusdur. Əli Həsənov bu binanı icarəyə verməklə sırf bu işdən külli miqdarda vəsait qazanır.

O, hələ vəzifədə olduğu vaxtlarda Gənclər Fondunu da bu binaya köçürməyə müvəffəq olub. Ofis haqqı olaraq ayrılan pulları da məhz bu yolla mənimsəyib.

Məlumatlara görə adı çəkilən şəxslər burada yeni analitik mərkəz yaradıblar. Mərkəzin əsas məqsədi Əli Həsənovun yerli və xarici mətbuatda piarının aparılmasını, onunla bağlı işlərin yenidən qurulmasını təmin etməkdir. Bu istiqamətdə işlərin görülməsi üçün analitik mərkəz jurnalistlər üçün xüsusi tezislərin hazırlanması və ötürülməsi, bu tezislərin yayımlanması müqabilində pul ödənişinin həyata keçirilməsini icra edəcək.

Digər tərəfdən xaricdə fəaliyyət göstərən müxalif fəallarla yenidən əməkdaşlığın qurulması, korrupsiya faktlarına görə həbs olunmuş keçmiş məmurların müdafiəsi istiqamətində işlərin aparılması, maliyyələşdirilmə prosesində keçmiş məmurların yaxınlarından istifadə olunması da analitik mərkəzin əsas məqsədləri sırasına daxildir. Əli Həsənov özünə yaxın şəxslərə mərkəzin fəaliyyətini təşkil etmək üçün aylıq 40.000 manat məbləğində büdcə ayıracağını, bu vəsaitin bir hissəsinin icarədə olan obyektlərindən əldə olunan gəlirlər hesabına həyata keçiriləcəyini qeyd edib. 

Analitik mərkəz kimlərdən təşkil olunub?

Əli Həsənovun çox yaxın kadrlarından hesab olunan Gülsel Səfərova 2014-cü ilə qədər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri vəzifəsində çalışıb. 2014-cü ildə isə o, Əli Həsənovun yardımı ilə Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinə təyinat alıb.

Əli Həsənovun digər yaxın kadrı olan Bəhruz Həsənov isə Prezidentin sabiq köməkçisinin yaxın qohumudur və onun zamanında administrasiyada İctimai-siyasi şöbənin əməkdaşı kimi fəaliyyət göstərib.

Bir müddət əvvəl Əli Həsənov vəzifədən kənarlaşdırıldıqdan sonra isə Bəhruz Həsənov sabiq şöbə müdirinin ən alovlu müdafiəçisinə çevrilmişdi. Əli Həsənovun mülklərinin siyahısını yayanları təhqir edərək sabiq şöbə müdirinə böhtan atılıdğını qeyd edirdi və Həbib Müntəzirin Əli Həsənovun mülkləri ilə bağlı paylaşımlarına da cavab yazısı qələmə almışdı.

Analitik mərkəzdə təmsil olunan digər şəxs isə Cəmaləddin Quliyevdir. Prezident Administrasiyasında Əli Həsənovun rəhbərlik etdiyi şöbədə Media və informasiya ilə əlaqələr sektorunun müdiri Cəmaləddin Quliyev (Həsənoğlu) idi. Əli Həsənovun sadiq kadrlarından olan Cəmaləddin Quliyev bir zamanlar Fətullah Gülənin Azərbaycanca şəxsi veb səhifəsində köşə yazarı idi. Cəmaləddin Quliyevin yeni analitik mərkəzdə təmsil olunması Əli Həsənovun ənənəvi müttəfiqi FETÖ ilə yenidən iş birliyinə daxil olduğunu göstərir.

Əli Həsənovun yeni planında FETÖ-nün rolu

Əli Həsənovun FETÖ ilə iş birliyi artıq uzun illərdir ki, məlumdur. Bütün bu illər ərzində Əli Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək, FETÖ ilə əlaqəli olan şəxslərin himayəçisinə çevrilib və Azərbaycandakı fəaliyyətləri üçün münbit zəmin yaradıb. 

2009-2013-ci illər ərzində hazırda FETÖ işinə görə Türkiyədə həbsdə olan “Samanyolu TV”-nin rəhbəri Hidayət Karaca Azərbaycana dəfələrlə səfər edib və hər dəfə Əli Həsənov onu şəxsən müşayiət edib. Bakının Fətəli xan Xoyski küçəsi 98 ünvanında yerləşən Xankəndi restoranında adı çəkilən şəxslər arasında müxtəlif görüşlər və müzakirələr də keçirilib.

2014-cu ildə Azərbaycanda FETÖ ilə iş birliyində ittiham olunan qurumlar dərhal bağlanarkən, “Kaspi” liseyləri, Xəzər TV, Xəzər FM, 100.5 FM, Araz FM radioları, “Kaspi” hazırlıq kursları, “Xətai” klinikası və estetik mərkəzlər Əli Həsənovun və ailəsinin mülkiyyətinə verilib. Türkiyənin “Samanyolu” televiziyasının Azərbaycan bürosunun maddi texniki bazasında yaranmış Xəzər TV-yə rəhbərlik isə Əli Həsənovun oğlu Şamxal Həsənova ötürülüb.

Əli Həsənovun əsas hədəfləri

Əli Həsənov vəzifədən azad olunduqdan sonra bir müddət xaricdə səfərdə oldu. Yeni analitik mərkəz yaratmaq təşəbbüsünün məhz bu səfərlərdən sonra verilməsi də Əli Həsənovun köhnə ortaqları ilə yenidən fəaliyyətə keçdiyini göstərir. Yoxsa kafedra müdirliyi vəzifəsini də itirən Əli Həsənovun köhnə kadrlarını ətrafına toplayıb revanşa hazırlaşmasının başqa izahı ola bilməz. Görünən odur ki, Əli Həsənov məhz bu yolla dövləti şantaj edərək, dövlətə meydan oxumaq istəyir. 

Eyni zamanda adları çəkilən bu 3 nəfər şəxs Əli Həsənovun planında əsas fiqurlar hesab olunur.

Lakin bu şəxslərlə yanaşı, komandaya digər şəxslərin də cəlb edildiyi bildirilir. Bu şəxslər içərisində Əli Həsənova sadiq vəzifəsini itirmiş şəxslərlə yanaşı, onunla yaxın münasibətlərə malik olan və hazırda vəzifədə olan şəxslər də yer alır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO