Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir Eldar Mahmudovun müavini, general Hilal Əsədov ifadə verib.
Prosesdən çıxan general Əsədov jurnalistlərə açıqlama verməkdən imtina edib. O, avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.
Hilal Əsədov istintaqa ifadəsində cinayət işində zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Çingiz Əsədov dedi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”x9d



Hilal Əsədov ifadəsində bildirib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər:
“Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”x9d.
Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını deyib: “Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”x9d.
Hilal Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”x9d.
Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.
Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.(Qafqazinfo)




































































































