Sənədsiz evlərdə yaşayanlar üçün MÜHÜM AÇIQLAMA – “500 mindən çox əmlak…”

Hazırda oxunan: Sənədsiz evlərdə yaşayanlar üçün MÜHÜM AÇIQLAMA – “500 mindən çox əmlak…”

180627

Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsi zamanı vətəndaşların qeydiyyatındakı problemlərdən də danışılıb. 

Millət vəkili Zahid Oruc bildirib ki, vətəndaşların qeydiyyat məsələsində ciddi problemlər var:

“Hesabatda Ombudsmanın müraciəti ilə vətəndaşların probleminin həll edildiyi qeyd edilib. Bəs Ombudsmana müraciət etməyənlər necə? Biz istəyirik ki, bu vətəndaşların hamısının problemi həll olunsun. Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Bu məsələyə məruzədə yer verilib. 

Hökumət strukturlarından bununla bağlı ciddi addım atmağı tələb edirik. Necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil”.

Məlum olduğu kimi, Abşeron yarımadasında son 25 ildə çoxlu sayda yaşayış massivləri salınıb. Həmin massivlərin çoxunda əmlak sahibi olan şəxslər bu vaxtadək Dövlət Reyestrindən çıxarış ala bilmirlər. Ona görə də illərlə yaşadıqları evə pasport qeydiyyatına düşə bilmirlər. 

Amma həmin adamlar bütün kommunal xərcləri ödəyirlər. Üstəlik onlar hansısa rayonda pasport qeydiyyatında olmalarına baxmayaraq, ölkənin ictimai, sosial-iqtisadi həyatına Abşeron yarımadasından qoşulurlar. Yəni, de-fakto Abşeronda yaşayan vətəndaşın de-yure burada yaşadığı inkar edilir. 

“Çıxarışsız əmlakların sayı yarım milyondan artıqdır”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, təkcə Abşeron yarımadasında yüzminlərlə, bütövlükdə isə ölkə üzrə 500 mindən artıq çıxarışı olmayan əmlaklar mövcuddur:

“Bu da o deməkdir ki, ən azı 2 milyon insan Abşeron yarımadasında qeydiyyatsız yaşayır. Açıq deyək ki, vətəndaş evini tikib, içində yaşayır. Bütün kommunal xidmətlərdən yararlanır.  Amma dövlət bu vəziyyətdə çox şey itirir. Əgər həmin evlərə çıxarış verilsə, vətəndaş ilk növbədə faktiki yaşadığı əraziyə pasport qeydiyyatına düşər. Bundan başqa vətəndaş əmlakını asanlıqla satışa çıxarar, banka girov qoya bilər, sığorta etdirər. 

Bütün bunlardansa təkcə vətəndaş yox, dövlət də qazanar. 

Hər il dövlət büdcəsinə ortalama milyonlarla manat vəsait daxil olar. Çıxarışı olmayan əmlaklar sığorta bazarından məcburən kənarda qalır. Girov predmeti ola bilməməsi də bankların əl qolunu bağlayır. Ən əsası çıxarışı olmayan evlər bu gün alınıb-satılır. Amma bu əməliyyatlar notarial qaydada deyil, fərdi qaydada, nəğd ödəniş aparılmaqla həyata keçirilir. 

Bundansa itirən yalnız dövlətdir. Ona görə də sənədsiz evlərə çıxarış verilməsi bir çox problemlərə, o cümlədən də qeydiyyat məsələsinə çözüm olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO