Uşaqların gec danışmasına səbəb xarici dillərdə cizgi filmləri izləmələridir? – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: Uşaqların gec danışmasına səbəb xarici dillərdə cizgi filmləri izləmələridir? – Mühüm AÇIQLAMA 

180252

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayırlar. 

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə uşaqların gec dil açmasına əsas səbəblərdən biri müxtəlif xarici dillərdə cizgi filmlərinə baxmalarıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Oyuncaqlar uşaqlarımızı necə formalaşdırır? – TƏHLÜKƏ ANI


Doğrudanmı səbəb budur? 

Loqoped Esmira Qafarova Bizim.Media-ya bildirib ki, uşaqların gec dil açmasının əsas səbəbi, onlarla ünsiyyətin zəif olmasıdır:

“Uşaq valideynləri ilə ünsiyyət qura bilməyib, telefon və planşetlərdən aktiv istifadə etdikdə, nitq gecikmələri baş verir. Təbii ki, nitq gecikmələrində orqanik səbəblər də olur. Ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, yaşadığı travmatik olaylar, doğuş və ondan sonrakı problemlər uşağın gec dil açmasına səbəb ola bilər”. 

Loqoped bildirib ki, uşaqda ana dili formalaşmamış ona ikinci, üçüncü xarici dili yükləməyə çalışırlar və bu da linqivistik vəziyyət yaradır:

“Linqivistik vəziyyətin yaratdığı əsas problemlər kəkələmə və nitq gecikmələridir. Uşağın nitqi 3 yaşına qədər açılmalıdır və həmin vaxta qədər azyaşlı sırf ana dilində danışdırılmalıdır. Uşaqlardakı nitq problemlərinin statistik göstəriciləri çox bərbaddır. Yəni son illərdə Azərbaycandakı uşaqlarda nitq gecikməsi çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi pedaqoji baxımsızlıqdır. 

Uşaqla körpə dilində danışanda və ya heç ünsiyyət qurmayanda, o, dil açmaqda çətinlik yaşayır. Travmalı uşaqlar ən çox dayə ilə böyüyənlərdir. Dayə başqa işləri gördüyü və anası kimi uşaqla məşğul ola bilmədiyi üçün azyaşlı nitq problemi yaşaya bilir”. 

Esmira Qafarova hesab edir ki, ümumiyyətlə, ana uşaqla 3 yaşına qədər məşğul olmalı, onunla ünsiyyət qurmalıdır: 

“İş yerlərində anaya ona görə 2-3 illik dekret müddəti verilir. 3 yaşa qədərki müddət uşağın şəxsiyyət kimi formalaşdığı və bitdiyi dövrdür. Yəni 3 yaşına qədər uşağa sevgi, diqqət kifayət qədər olmalıdır ki, onda duyğusal pozuntu olmasın” – deyə, loqoped bildirib.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO