Kəlbəcərdə müasir məktəb binası tikilir - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə müasir məktəb binası tikilir - VİDEO

180222

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyatı yenidən canlandırmağa imkan yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrilib, burada bütün sahələrdə geniş quruculuq işləri aparılır. 

Bizim.Media Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Belə ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. 

Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur.

41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq.

Ata-baba yurdlarına geri dönən kəlbəcərli şagirdlər ən yeni tələblərə cavab verən, hər cür inventarla təchiz olunmuş təhsil ocağında bilik və bacarıqlara yiyələnəcəklər.

Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, burada elmin inkişafına və təhsilin yenidən dirçəldilməsinə mühüm töhfə verəcək, həmçinin yeni iş yerlərinin açılmasına səbəb olacaq.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO