“Azərbaycanda evliliyin ilk ilində uşaq olmursa, bu sonsuzluğa işarə olur” – Komitə sədri 

Hazırda oxunan: “Azərbaycanda evliliyin ilk ilində uşaq olmursa, bu sonsuzluğa işarə olur” – Komitə sədri 

180149

Son illər Azərbaycanda boşananların sayı kifayət qədər artıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 49549 nikah və 19761 boşanma halı qeydə alınıb. ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Cütlüklər yola getmədiyi təqdirdə boşanmaqları normal prosesdir. Lakin ayrılan ailələrdə ən böyük əziyyəti, travmanı uşaqlar alırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq evləri və ailə tipli kiçik qrup evləri BU NAZİRLİYƏ kömək göstərəcək


Maraqlıdır, görəsən, Azərbaycanın ailə modellərində niyə evlənən kimi uşaq dünyaya gətirirlər? Bəzən şəxslər nişanlı qaldıqları dönəmdə daha fərqli, ailə həyatı qurandan sonra isə tamam fərqli şəxs olurlar. Ona görə də çox keçmədən ayrılırlar. Bəs uşaq dünyaya gətirməyə tələsmədən ailə həyatı qurduqdan sonra gözləmək mümkündürmü? 

Buna nə mane olur?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Urud Bizim.Media-ya açıqlamasında məsələyə belə yanaşıb:

“Azərbaycanda və dünyada evliliyin ilk ilində uşaq olmursa, bu, sonsuzluğa bir işarə olur. Daha tez uşaq dünyaya gətirmək bizim ənənələrimizdən irəli gəlir. Şəxslər evlənənə qədər bir-birlərini tanımalıdırlar. Nişanlı olduqları dönəmdə cütlüklər bir-birlərini tanıya bilərlər. Boşanma səbəbi tanımaqla bağlı deyil. Bəzən bir-birini yaxşı tanıyan adamlar da boşanır. 

Boşanmaların çoxsaylı səbəbləri var. Dünyada da bu proseslər gedir. Ailə həyatı qurandan sonra problemlər çoxalır. Bunun uşaq dünyaya gətirməklə əlaqəsi yoxdur”. 

“Övlad dünyaya gətirmək planlı şəkildə olmalıdır”


Psixoloq Ülviyyə Murtuzova qeyd edib ki, bu, cəmiyyətimizdə ən yaralı və müalicəyə ehtiyac olan mövzudur:

“Ətrafdakı insanların fikri və ya  ictimai qınaq nəzərə alınaraq uşaq dünyaya gətirib tənqidlərdən xilas olmaq ciddi problemdir. Belə davranış xəstə düşüncənin məhsuludur. Övlad dünyaya gətirmək planlı və düşünülmüş şəkildə olmalıdır. Burada yaş hədləri önəmsənməlidir. Erkən nikaha sürüklənən qızcığazların uşaq dünyaya gətirməsi tamamilə absurddur.

Ümumiyyətlə, atalıq statusunun nə demək olduğunun fərqində olmayan kişilərin ata adını daşıması, sonra laqeyd ataya çevrilməsi bizə gərəkdirmi? Əsla. Övlad saxlamaq üçün sosial vəziyyət diqqətə alınmalıdır. Ona uyğun olaraq uşaq dünyaya gətirmək olar. Şəxs öz intellektini və neçə övladı tərbiyə etmək potensialında olduğunu nəzərə almalıdır.

Valideynlər övladlarını məktəbəqədər, orta və ali təhsildə hara qədər yürüdə biləcəklərini anlamalıdırlar. Bu suallara cavab tapan və özündə güc görən şəxslər övlad dünyaya gətirməlidirlər. Sırf uşaq dünyaya gətirmək üçün ana olmaq və ya bu hissi yaşamaq üçün ata olmaq ciddi yanlışdır. 
Maddi durum ona görə önəmlidir ki, bizim bioloji durumumuz çox zəifdir. Hər iki cinsdə həm anatomik, həm də tibbi problemlər yaşanır. Övlad dünyaya gətirən şəxslər 9 ay ərzində nəzarət altında olmalıdırlar. Müayinə, müalicə yetərincə maddiyyat tələb edir”.

Psixoloq əlavə edib ki, insanlar qarşılarındakı öhdəliyi və vəzifəni anlayaraq bu yola çıxmalıdırlar:

“Fiziki və psixi hazır olmayan şəxslər övlad dünyaya gətirməli deyil. Ailə qurana qədər insanları tanımaq lazımdır. Ailə qurandan sonra tanımaq mənasızdır. Zaman önəmli deyil, düşüncə və qərar vacib məsələdir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO