Oğuzda tövlədə baş verən dəhşətli yanğının TƏFƏRRÜATI – FOTO

Hazırda oxunan: Oğuzda tövlədə baş verən dəhşətli yanğının TƏFƏRRÜATI – FOTO

180140

Oğuzun Bayan kəndində maldarlıqla məşğul olan Həsrətovlar ailəsinə məxsus mal tövləsində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində 38 baş iribuynuzlu mal-qara tələf olub.   
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda 34 baş mal tövlədə yanaraq məhv oldu


Bayan kənd sakini Fatma Həsrətovanın maldarlıq təsərrüfatı kənddən xeyli kənarda, öz dilləri ilə desək qarasov-əkin sahələrində yerləşir. Uzun illərdir ki, Fatma Həsrətova həyat yoldaşı və iki oğlu ilə bütün qüvvəsini mal-qaraya yönəldib. Ailənin əsas gəlir mənbəyi də elə maldarlıq olub. 

İlkin ehtimallara görə, yanğın fevralın 26-da gecə saat 12 radələrində tövlənin ot yığılan hissəsindən başlayıb, hansı ki burada 400 taya yaxın ot bağlaması olub.

Alov qısa vaxtda güclənərək, mal-qara bağlanan hissəyə keçib və bu zaman tövlədə 34 baş ana, 4 baş isə bala olmaqla cəmi 38 baş iribuynuzlu mal  tələf olub.

Təsərrüfat sahibi bildirir ki, nəvələri məktəbə tezdən getdiyi üçün bu gecə bir qədər tez yatıblar. Hadisə barədə isə onlara bir qədər aralıda digər təsərrüfatda maldarlıqla məşğul olan sakinlər xəbər veriblər. 

“Üç ailə burda çalışıb-çabalayıb. İki oğlum, bir də yoldaşımla mən. 17 ildir çöldəyik.17 ilimizin zəhməti bu idi. Yanğının nədən baş verdiyini bilmirik. Bir onu bilirik ki, çəkdiyimiz əziyyət hədər oldu”, -deyə Fatma Həsrətova bildirib.

Fatma Həsrətovanın sözlərinə görə böyük ehtimalla yanğın tövlədə ot tayları yığılan yerdən başlayıb. Çünki yanğının alovundan heç cür mal-qaraya yaxın düşmək mümkün deyilmiş. 

Yanğınsöndürənlərə gəlincə, təsərrüfat sahibi bildirir ki, onlar yaşayış məntəqəsindən xeyli kənarda yaşayır və yolları, gediş-gəliş olduqca çətindir. Lakin yanğınsındürənlər gec də olsa özlərini çatdırıb və yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısını ala biliblər. 

Zərərçəkmişin oğlu Nazim Həsrətovun sözlərinə görə, ailə bütün sərmayəsini mal-qaraya yatırıb və bir gecənin içərisində hər şey məhv olub. 

Təsərrüfat sahibi onu da əlavə etdi ki, yanğının qəsdən törədilməsinə inana bilmir. Çünki ailənin heç kimlə problemi ya ədavəti yoxdur. Fatma Həsrətova ilkin hesablamaya görə, ona və ailəsinə 70 min manat həcmində zərər dəydiyini bildirir. Ailə üzvləri təsərrüfatlarını sığortalamadıqlarını təssüflə qeyd ediblər. 
Həsrətovlar ailəsi nə qədər çətin duruma düşsə də baş verənlərdən sonra toparlanıb, yenidən təsərrüfatı dirçətməyə çalışırlar. Artıq ailə üzvləri və qohumlar bir araya gəlib yanmış tövləni sökməyə başlayıb, yerində yenisini bərpa etməyə çalışırlar.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO