QMİ sədri: “Media anlaşma və tolerantlığın təşviqi üçün maneə deyil, körpüdür”

Hazırda oxunan: QMİ sədri: “Media anlaşma və tolerantlığın təşviqi üçün maneə deyil, körpüdür”

179422

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) tərəfindən 3-cü Səudiyyə Media Forumu çərçivəsində təşkil olunan “Sülh quruculuğu və mediada müxtəliflik üzrə dialoq” panel müzakirədə iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi və KAICIID tərəfindən təşkil olunan tədbir fevralın 20-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilib. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri və KAICIID-in Direktorlar Şurasının üzvü şeyxülislam Allahşükür Paşazadə media, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunun, media məkanında müxtəlifliyin təşviqində birgə səylərin əhəmiyyəti mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirədə əsas məruzəçi qismində çıxış edib. Şeyxülislam medianın ictimai rəyə danılmaz təsirindən, media mütəxəssislərinin üzərinə böyük məsuliyyət düşməsindən danışıb. 

O, sülh və müxtəliflik mühitini inkişaf etdirmək üçün bu potensialdan necə istifadə oluna biləcəyinin əhəmiyyətini vurğulayıb. Medianın maneə deyil, körpü rolunu oynaması, müxtəlif icmalar arasında anlaşma və tolerantlığı təşviq etmək imkanlarını müəyyənləşdirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

KAICIID tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək üçün beynəlxalq səylərin vacibliyi vurğulanıb. Hökumətlərarası beynəlxalq təşkilat kimi qurumun münaqişələrin qarşısının alınması və dialoq yolu ilə həlli missiyasının hazırkı dönəmdə daha aktual olduğu nəzərə çatdırılıb.

Qeyd edək ki, tədbir qlobal sülh və müxtəliflik ideyalarının davamlı olaraq sınaqdan keçirildiyi bir dövrdə media və strateji tərəfdaşlıq vasitəsilə sülh və müxtəliflik əlaqələrini gücləndirmək məqsədlərinə xidmət edir, gələcək dialoqlar üçün yeni imkanlar yaradır. Panelin mövzusu olan “Sülh quruculuğu və mediada müxtəliflik üçün körpülər və strateji tərəfdaşlıqların qurulması” günümüzün reallığını əks etdirməkdədir. Səudiyyə Media Forumunun bir hissəsi olan tədbir ahəngli cəmiyyətin yetişdirilməsində media sənayesinin əsas rolunu vurğulamaq məqsədi daşıyır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO