Vəfat etmiş məcburi köçkünlərin məzarlarının Qarabağa köçürülməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Vəfat etmiş məcburi köçkünlərin məzarlarının Qarabağa köçürülməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

179388

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin, yəni 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Məcburi köçkünlərlə yanaşı bu illər ərzində dünyadan köçmüş doğmalarının da məzarlarının azad ərazilərə köçürülməsi təklif olunur.

Maraqlıdır, keçmiş məcburi köçkünlərin qəbirlərinin də işğaldan azad olunmuş ərazilərə köçürülməsi mümkündürmü?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qəbirlərin daşınması məsələsini insanların haqqı kimi qiymətləndirib:

“Əlbəttə, belə bir layihə nəzərdə tutulubsa, qəbirlərin daşınmasını da etmək normaldır. Çünki insanlar öz yurd yerlərinə qəbirlərin köçürülməsini təmin edə bilərlər. Bunun nə cür reallaşacağı formalarına baxmaq lazımdır. Yəqin ki dövlət qurumları bu istiqamətdə konkret layihə işləyib hazırlamalıdırlar.

Çünki bu, insanların haqqıdır. Bu haqqı onlara qaytarmaq lazımdır. Təbii ki, Vətən torpağının fərqi yoxdur, istər Bakı olsun, istərsə də Laçın, Qubadlı və s. Lakin öz əzizlərinin qəbirlərini yaşadıqları əraziyə köçürmələri ilə bağlı insanlara məhdudiyyət qoyulmamalıdır. Qarabağda daimi yaşayan insanlara doğmalarının qəbirlərini də aparmağa şərait yaradılmalıdır”.

Hüquqşünas Turan Abdullazadə isə məsələnin hüquqi tərəflərindən bəhs edib. Onun sözlərinə görə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Qəbiristanlıqların salınması və idarə olunması qayda”larında  məzarların köçürülməsinə dair tələblər müəyyən edilib:
“Qanunvericiliyə əsasən, vahid dövlət reyestrinə dəfn edilmiş şəxsin qəbrinin köçürülməsinə dair məlumatlar daxil edilməlidir. Qəbirstanlıqların köçürülməsi və ya bağlı elan olunması barədə qərar müvafiq komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir. Habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir”.

Turan Abdullazadə sözügedən qaydaların 16-cı maddəsinə əsasən, qəbiristanlıqların köçürülməsinə hansı hallarda yol verildiyi məsələsinə də toxunub. O, deyib ki, subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı, qəbiristanlığın ərazisi olan torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda da məzarların köçürülməsinə icazə verilir. Qaydaların 16-cı bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların tələbləri gözlənilməlidir. Düşünürəm ki, qanunvericiliyə əsasən, ayrı-ayrı qəbirlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsinə zəruri hallarda şərait yaradıla bilər, lakin bunun kütləvi şəkildə edilə biləcəyini ehtimal etmirəm. Hər bir halda belə bir addım üçün bu barədə aidiyyatı dövlət orqanları tərəfindən konkret olaraq müvafiq qərar qəbul edilməlidir” - deyə, hüquqşünas bildirib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO