Kamil Zeynallı MÜƏMMASI – Həmyerlimizin həbsi kimin SİFARİŞİ İDİ?

Hazırda oxunan: Kamil Zeynallı MÜƏMMASI – Həmyerlimizin həbsi kimin SİFARİŞİ İDİ?

179348

Ötən gün Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxta ittihamlarla saxlanılması cəmiyyətimizdə ciddi etirazla və haqlı narazılıqla qarşılandı. Təbii ki, cəmiyyətdəki emosional müqavimətin fonunda müvafiq dövlət qurumları çox təmkinli davrandılar. Azərbaycan Xarici İşlər Nazirliyi səhər saatlarında bəyan etdi ki, Kamil Zeynallıya müvafiq konsulluq və hüquqi yardım göstərilir. 

Bundan əvvəlsə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdi ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarətindədir:

“Vətəndaşa müvafiq konsulluq və hüquqi yardım göstərilir… Kamil Zeynallı ötən gecə saxlanılıb. Azərbaycan səfirliyi dərhal bütün addımları atdı. Onun üçün vəkil tutduq. Səfirlik əlindən gələni edir”.

Bu bəyanatlardan sonra emosiyalar bir qədər səngidi və insanlar bir daha əmin oldu ki, Azərbaycan dövləti heç bir vətəndaşını, o cümlədən Kamil Zeynallını darda qoymayacaq.

Absurd ittihamın pərdəarxası

Daha sonra fitnes müəlliminin saxlanma “səbəbləri” bəlli oldu. Aydın oldu ki, soydaşımız Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. 

Bu isə artıq məsələnin nə qədər ciddi olduğundan xəbər verirdi. Bütün bu saxta ittihamlara baxmayaraq Kamil Zeyanallı günorta saatlarında məhkəmənin qərarı ilə sərbəst buraxıldı.

Bəs, sıradan bir vətəndaşın saxta ittihamlarla saxlanmasının arxasında nə dayanırdı?

Bəri başdan deyək ki, bu olayda hədəf Kamil Zeynallı yox, Azərbaycan dövləti və Azərbaycan xalqı idi. Bu çirkin planı quranlar zənn edirdi ki, Kamil Zeynallı saxta ittihamlarla “ən yaxşı halda” Ermənistana təhvil veriləcək. “Pis variant” isə o idi ki, soydaşımız bir neçə ay Moskvada həbsxanada saxlanılacaq və bu faktdan istifadə edən bədnam qüvvələr təbliğat aparacaqdılar ki, “dövlət vətəndaşına sahib çıxmadı” və yaxud “sahib çıxa bilmədi”.

Təbii ki, bu variant Azərbaycan üçün kifayət qədər xoşagəlməz hadisə ola bilərdi. Eyni zamanda, xalqımızdakı qələbə və yeni zəfərlər eyforiyası zədələnərdi.

Azərbaycan dövləti bütün bu ehtimalları dağıtdı.

Dövlət öz vətəndaşına sahib çıxdı. Cəmi 18 saat ərzində soydaşımız öz azadlığına qovuşdu və evinə döndü. Bu fakt isə bir daha sübut etdi ki, İlham Əliyev harada yaşamasından və harada olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bax, əsas məsələ budur.

Ötən günün uğurlu sonluğu təkcə hansısa fitnes müəlliminin düşmən məkrindən azad edilməsi deyildi. Burda əsas məqam o idi ki, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxdı və dövlətin müdaxiləsi ilə məsələ səssizcə, qısa zamanda həll edildi. Məsələnin qısa zamanda və operativ şəkildə çözülməsi həm də Azərbaycanın siyasi gücünün göstəricisi, sübutu idi.

Bəs, bu təxribatın arxasında Rusiya var idimi?

Təbii ki, “axtarışda olan” hansısa Azərbaycan vətəndaşının həbsinin Rusiyanın siyasi dairələrinin sifarişi olması bir qədər inandırıcı görünmür. Ən azı ona görə ki, Rusiya kimi dövlətin Azərbaycana təzyiq etməsi üçün belə xırda “faktlar”dan istifadə edəcəyi heç də real deyil. Üstəlik, Rusiya ilə Azərbaycan arasında münasibətlər son 35 ildə ən üst səviyyəyə qalxıb. Vladimir Putin və İlham Əliyev arasında münasibətlərsə dostluq səviyyəsindədir.

Bundan əlavə, 2022-ci ilin 22 fevralında iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsin və bir ay öncə isə iki dövlət arasında 2024-2026-cı illər üzrə Yol Xəritəsinin imzalanmasından sonra rəsmi Moskvanın Azərbaycana qarşı belə xırda oyun qurması hər hansı məntiqə sığmır.

Bəs, bu olay kimlərin işinə yarayırdı?

Azərbaycan cəmiyyətində kifayət qədər populyar bir şəxsin həbsi daha çox Ermənistanın işinə yarayırdı. Belə xırda və cılız “faktlar”la Ermənistan Azərbaycana əzələ nümayiş etdirmək istəyirdi. Bu gün Azərbaycan həbsxanalarında kifayət qədər erməni cinayətkar var. Onların arasında ermənilərin “milli qəhrəman” səviyyəsinə qaldırdıqları şəxslər də var. Amma Ermənistanınsa həbsxanasında bir nəfər də olsun azərbaycanlı yoxdur.

Tək bu fakt Azərbaycanın nə qədər güclü tərəf olduğunu göstərir. Ermənilər də çalışırdı ki, populyar bir fitnes müəllimini həbsə atmaqla mövcud status-kvonu dəyişsinlər. Daxili auditoriyaya göstərsin ki, guya onların da Azərbaycana qarşı əllərində hansısa təsir rıçaqları var. Erməni mətbuatının Kamil Zeynallının saxlanması məsələsini xüsusi diqqətdə saxlaması da bunun sübutudur. Amma bu cəhdlər də alınmadı.

Bu olayda Qərbin də marağı var.

Qərb bu olayı törətməklə həm Rusiya-Azərbaycan arasındakı isti münasibətə zərbə vurmaq, həm də Azərbaycan cəmiyyətindəki monolit birliyi pozmaq istəyirdi.

Əminliklə demək olar ki, Kamil Zeynallının həbsinin təşkilatçıları arasında erməni millətindən olan hansısa məmur və yaxud ermənilərdən yaxşı qonorar almış yüksək çinli məmur dayanır. Həmin məmur və məmurlarsa rəsmi Moskvadan yox, Qərbdən və yaxud erməni diasporundan yaxşıca bəxşiş alıblar. Zamanla yəqin ki, bu mətləblər də üzə çıxacaq.

Amma bildiyimiz odur ki, Azərbaycan cəmiyyəti daha bir təxribatdan üzü ağ çıxdı. Dövlətimiz isə bir daha sübut etdi ki, hər zaman vətəndaşının yanındadır. Vətəndaş-iqtidar birliyini heç bir təxribat sarsıda bilməz. Ötən günün ən böyük uğuru da məhz budur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO