21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

Hazırda oxunan: 21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

179134

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bizim.Media BMT-nin saytına istinadən xəbər verir ki, builki Beynəlxalq Ana Dili Günü “Çoxdilli təhsil nəsillərarası təhsilin əsas sütunlarından biridir” mövzusuna həsr edilib. 

Bu gün dünyada 7000-ə yaxın dil var və onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən və qoruyan dillərə görə mövcuddur.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO