156 nömrəli məktəbin direktor müavini: “Fəxr edirəm ki, hadisə məktəbin daxilində baş verməyib” - VİDEO

Hazırda oxunan: 156 nömrəli məktəbin direktor müavini: “Fəxr edirəm ki, hadisə məktəbin daxilində baş verməyib” - VİDEO

179038

Xəbər verildiyi kimi, Şüvəlan qəsəbəsində yerləşən 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb. 

Məktəbin X sinif şagirdi Dilarə Rza qızı Rzaquliyeva məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. 

Görüntülərdən görünür ki, Dilarə Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz söz yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. 
 

MÖVZU İLƏ BAĞLI:

156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO 


Hadisə hüquq mühafizə orqanları və Elm və Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, görüntülərdə əks olunan yeniyetmələrdən yalnız biri – Dilarə Rzaquliyeva, yəni zorakılığı törədən 156 nömrəli məktəbin X sinif şagirdidir. Qısnamaya məruz qalan yeniyetmə isə 9-cu sinif məzunudur. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın bildirdiyinə görə zorakılığa məruz qalan qız Dilarə Rzaquliyevanın fotosunu sosial şəbəkədə paylaşaraq, altından qeyri-etik ifadələr yazıb. Bundan hiddətlənən Dilarə sözügedən davranışa əl atıb.

Hadisə ilə bağlı 156 saylı məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini Gülxanım Məmmədova AzTV-nin müxbirinə açıqlama verib. O, yeniyetmə qıza zorakılıq edən məktəblidən indiyədək hər hansı neqativ davranış görmədiyini, hətta onun ailəsini və bibisini tanıdığını da bildirib:

“Bu, məktəbdən kənarda olan hadisədir. Bizim məktəbin içində ömründə belə hadisə olmayıb. Həmin şagirdi tanıyıram. O videoda olanlardan yalnız bir qız bizim məktəbdə oxuyur. Qalanlarının bizə heç bir aidiyyəti yoxdur. O qızda hansısa mənfi hərəkətə rast gəlməmişik və özümüz şokdayıq. 36 ildir bu məktəbdə çalışıram. İlk dəfədir ki, belə hadisə ilə rastlaşıram. Amma fəxr edirəm, ən azından ki, hadisə məktəbin daxilində, həyətində,  bizə aid yerdə baş verməyib”. 

AzTV-nin müxbiri həmçinin qeyd edib ki, zorakı davranış nümayiş etdirən qızın bibisi əvvəllər məktəb direktoru olub. 

İddialara görə yeniyetməni bullinqə məruz qoyan məktəbli Xəzər rayonu 185 nömrəli tam orta məktəbin keçmiş direktoru Esmira Rzaquliyevanın qardaşı qızıdır. Uzun müddət rəhmətliyin himayəsində böyüyüb. Məktəb direktoru  Esmira Rzaquliyeva 2022-ci ildə vəfat etdikdən sonra məktəbli ailəsinin yanına qayıdıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Ombudsman məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb.
 

Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO