İki icra hakimiyyəti şəhid anasını get-gələ salır – ŞƏHİD ANASINDAN ŞİKAYƏT - FOTO

İki icra hakimiyyəti şəhid anasını get-gələ salır – ŞƏHİD ANASINDAN ŞİKAYƏT - FOTO

Hazırda oxunan: İki icra hakimiyyəti şəhid anasını get-gələ salır – ŞƏHİD ANASINDAN ŞİKAYƏT - FOTO

17826

“Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı bizimlə maraqlanmır, heç  qəbul günlərinə də düşə bilmirik. Soruşuram ki, niyə bizi şəhid ailəsi kimi ev siyahısına yazmırlar? Deyirlər ki, siz Ağdamdan məcburu köçkün olduğunuza görə ev oradan veriləcək”.

Bunu Bizim.Media-ya açıqlamasında şəhid Əzim Həsənovun anası Şəhla Həsənova deyib.

O, oğlunu Mingəçevirdə Şəhidlər Xiyabanında torpağa tapşırdığını xatırladıb:

“Mənzil şəraitimin də burada yaxşılaşdırmağını istəyirəm. 20 ildir vaqonda yaşayıram. İki övlad böyüdüb ali məktəbə yola salmışam. Dövlət şəhid ailələrinə kömək edir. Cənab prezidentin tapşırığı var. İcra hakimiyyəti və onun başçısı isə ölkə rəhbərinin tapşırığına məhəl qoymur.

Heç qəbuluna da düşə bilmirik ki, problemimizi deyə bilək. Hələ onda müharibə yox idi, məcburi köçkünləri ev siyahısına alanda dedilər ki, 10 min manat gətirin, sizi də siyahıya salaq. Bizim də heç vaxt o qədər pulumuz olmayıb. 20 ildən çoxdur ki, dəmir evdə yaşayıram. Əvvəl heç kim bilmirdi ki, mən vaqonda yaşayıram. Oğlum şəhid oldu, onun adına bu qapını açanların sayı çoxaldı. Evimi gəlib belə görəndə həqiqətən də utanıram. Mən heç nə istəmirəm, sadəcə haqqım olan evimin düzəlməsini istəyirəm.

Biz balalarımızı bu torpağa  maddi marağa görə şəhid verməmişik. Sadəcə dövlətdən şəhid ailələrinə ayrılan kompensasiya bizim də haqqımızdır. İcra başçısı onu niyə bizə qaytarmasın ki? İstəmirəm şəhdimin evini belə görsünlər.

Şəhidlər Xiyabanına getmişdik, icra nümayədəsi (adını bilmirəm) dedi ki, şəhid ailələrini ev siyahısına alırıq. 

Mənə çatanda isə dedi ki, sizə Ağdam abadlaşandan sonra oradan ev veriləcək. Mən oğlumun məzarını Mingəçevirdə qoyub niyə Ağdama getməliyəm.

Gedərəm ey, axı mənim balamın məzarı buradadır. Mingəçevir Şəhər İcra Hakimiyyəti bizimlə heç maraqlanmır. Heç yaxınına da buraxmır ki, problemini danışasan. İcra hakimiyyətindən deyirlər ki, bizim sizə ev tikməyə, ya da ki, adınızı siyahıya salıb Mingəçevirdən ev verməyə gücümüz yoxdur”.

Bundan başqa, Mingəçevir Şəhər İcra Hakimiyyəti şəhid anasına başqa bir mövzuda da etinasızlıq edib.

“Dedim ki, mənim dağ boyda oğlum getdi.Yenə də heç nə istəmirəm. Yalnız Əzimin təhsil aldığı 19 saylı Mingəçevir Şəhər Məktəbinə onun adı verilsin. Bunun üçün təhsil idarəsinə getdim. Dedilər ki, canla-başla edərik, yetər ki, İcra Hakimiyyətindən bizə göstəriş verilsin. İcra isə dedi ki,  ordeni olmalıdır. Orden deyəndə bütün hərbi hissəni  mənim oğlum xilas edib. Qəhrəmanlıqlar göstərib. Onu da etmədilər”.

Qeyd edək ki, şəhid Əzim Həsənov Azərbaycan Dillər Universitetinin məzunu olub. Təsilini başa vurandan sonra isə hərbi xidmətə yola düşüb.

Xidmətini başa vurmağına 1 ay qalmış II Qarabağ savaşı başlayıb və müharibəyə yolanıb. Kəşfiyyatçı olduğu üçün öndə gedən hərbçilərimizdən olub. Düşmən mühasirəsinə düşən Əzim Həsənov Aşağı Seyidbəyli kəndində şəhid olub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştiraçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, qanunvericiliklə Mingəçevirdə onlara ev vermək mümkün deyil.  

Evi verən qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir. İcra hakimiyyətinin ev vermək kimi bir səlahiyyəti yoxdur:

“Ailə Ağdam Rayon İcra Hakimiyyətində qeydiyyatda durmalıdır. Siyahı ƏƏSM-nə göndərilməlidir. Nazirlik haradan ev verəcəksə, oradan da mənzillə təmin olunacaq. Ağdam Rayon İcra Hakimiyyəti ailəni qeydiyyata götürüb ƏƏSMN-nə göndərsin. Biz də nazirliyə bir məktub yazarıq ki, şəhid Mingəçevir şəhərində  torpağa tapşırıldığı üçün mənzil hazırda ailəsinin yaşadığı şəhərdə verilsin”. 

Ağdam Rayon İcra Hakimiyyətinin müavini Arzu Rəhimova Bizim.Media-ya deyib ki, İcra Hakimiyyəti hər bir şəhid ailəsinin sənədlərini hazırlayır və ondan sonra sərəncam verir:

“Həmin sərəncam ƏƏSM-nə göndəriləcək. Ondan sonra şəhid ailələri çıxarışlar alıb hansı rayona istəyirlər növbəliyini ora sala bilərlər. İcra Hakimiyyətinin sərəncamı verilən kimi ailə çıxarış alıb Mingəçevir Şəhər İcra Hakimiyyətinə verəcək. Hazırda sənədlər hazırlanır”. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO