İmtahana ayrıca fənn kimi tədris olunmayan MƏNTİQDƏN niyə suallar SALINIR? – DİM-dən AÇIQLAMA 

İmtahana ayrıca fənn kimi tədris olunmayan MƏNTİQDƏN niyə suallar SALINIR? – DİM-dən AÇIQLAMA 

Hazırda oxunan: İmtahana ayrıca fənn kimi tədris olunmayan MƏNTİQDƏN niyə suallar SALINIR? – DİM-dən AÇIQLAMA 

178123

Ali məktəblərə, magistraturaya və dövlət qulluğuna qəbul zamanı abituriyentlərin yüksək bal toplamamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur. Abituriyentlər və tələbələr bu vəziyyətdən şikayətlənirlər. 

Bir çoxlarının fikrincə, ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin imtahanda istifadə etdiyi fənn yalnız riyazi-məntiqdir. Yəni nə orta məktəblərdə, nə də ali təhsil müəssisələrində analitik biliyin artırılması məqsədilə bu fənn tədris olunur. Bu baxımdan istər buraxılış, istərsə də  qəbul imtahanlarında istifadə olunan fənnlərarası məntiqi suallar abituriyentlərin keçmədiyi fənnə görə çətinliklə üzləşməsinə səbəb olur. 

Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildrib ki, hər bir imtahanın mahiyyətini onun keçirilmə məqsədinin əsasında müəyyənləşdirmək lazımdır: 

“Çox təəssüf ki, DİM-in keçirdiyi imtahanlarda verilməyən biliyin yoxlanılmasının şahidi oluruq. Düzdür, 2018-ci ildə qəbul edilmiş Kurikulumun məzmun standartlarına görə, şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması ümumi təhsil məktəblərinin öhdəliklərindən biridir. Amma etiraf edək ki, hal-hazırda biz orta məktəblərdə tam keyfiyyətli təhsildən danışa bilmərik. Təbii ki, tədrisin təşkili ilə bağlı müəyyən qədər problemlərimiz var”. 

Ekspertin sözlərinə görə, şagirdlər üçün keçirilən qəbul və buraxılış imtahanlarında Riyazi-məntiq, hətta Tarix, Coğrafiya, Azərbaycan dili və s. fənlərarası inteqrasiya zamanı məntiqi təfəkkürü özündə əks etdirən suallar ola bilər: 

“Amma magistraturaya və ya dövlət qulluğuna qəbulda Riyazi-məntiqdən istifadə olunur. Məntiq deyəndə ağıla ancaq riyazi-məntiq gəlməməlidir. Lakin DİM-in keçirdiyi imtahanlarda ancaq riyazi-məntiqdən suallar salınır. Hansı ki, orada xüsusi analitik qabiliyyəti yoxlayan suallar olmur, ən yüksək səviyyədə riyazi bacarıqla yoxlanılır. 

Nəzərə alsaq ki, imtahan iştirakçılarının heç də hamısı riyaziyyatçılar deyil, onlar həm də humanitar sahənin tələbələridirlər, məhz buna görə də, məntiqdən, texniki sahədən gələn iştirakçılar daha yaxşı nəticə göstərirlər.  

Magistratura imtahanına salınan məntiq bakalavrda hansı tələbəyə keçirilib? Gedib ali təhsil müəssisələrinin tədris planına baxdıqda görəciyik ki, belə bir məntiq keçirilmir. Yəni biz magistratura imtahanında bakalavra vermədiyimiz biliyi yoxlayırıq. Ona görə də bu imtahanlar ədalətli deyil”.

Belə olan halda, Dövlət İmtahan Mərkəzi şagirdlərə və tələbələrə verilməyən biliyi nə üçün yoxlayır?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə isə sorğumuza cavab olaraq bildirib ki, ali təhsilin magistratura səviyyəsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan mütəxəssis hazırlanır:

“Magistr ali elmi-ixtisas dərəcəsinə sahib olmuş şəxslər hər hansı ixtisas sahəsini daha dərindən öyrənməli, bu sahədə elmi-tədqiqat, elmi-pedaqoji və ya digər peşəkar fəaliyyət göstərməlidirlər. İş fəaliyyəti zamanı bu şəxslərdən tədqiqat aparmaq, qanunauyğunluqlar aşkar etmək, əldə olunan nəticələr əsasında mülahizələr yürütmək, konkret faktlardan ümumi nəticələr əldə etmək və əksinə ümumi məlumatları tərkib hissələrinə ayıra bilmək bacarıqları tələb olunur.

Bu səbəbdən də magistratura səviyyəsinə qəbul zamanı bakalavrların konkret ixtisas üzrə bilikləri deyil, müasir üsullarla tədqiqat işləri aparmaq üçün zəruri alət kimi tələb olunan xarici dil, informatika və məntiqi təfəkkür üzrə bilikləri yoxlanılır. 

Məhz məntiqi təfəkkür üzrə biliklərin yoxlanılmasına gəldikdə bu sahə üzrə test tapşırıqları əsasən üç bölməni əhatə edir: verbal, fiqurla bağlı və məntiqi-riyazi”.

DİM sözçüsü qeyd edib ki, verbal bölməyə aid olan test tapşırıqları ilə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyəti yoxlanılır: 

“Fiqurlarla bağlı test tapşırıqları vizual məlumatı (fiqur və ya şəkil formasında verilənləri) təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrəd¬ləş¬dirmə qabiliyyətini yoxlayır. 

Məntiqi-riyazi bölməyə aid olan test tapşırıqları isə praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini, ədədlər arasındakı qanunauyğunluğu aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı  bakalavrların işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır. 

Beləliklə, bakalavrlar arasında magistr adını qazanmağa layiq olanlar bu sahələr üzrə minimal biliklərini nümayiş etdirməli, tədris müddətində isə bilik və bacarıqlarını tələb olunan səviyyəyə qaldırmalıdırlar ki, elmi-pedaqoji fəaliyyətlərində peşəkar mütəxəssis olaraq vətənimizin inkişafına öz töhfələrini verə bilsinlər. 
Əlavə olaraq qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı hər hansı qərar qəbul edərkən, hökmən beynəlxalq təcrübəyə də müraciət edir, istənilən mütərəqqi ideyaların ölkə şəraitində tətbiq olunması yollarını axtarır və bu sahədə öz fəaliyyətini daim təkmilləşdirir” – deyə, Xanlar Xanlarzadə bildirib. 

Ümumiyyətlə, məntiqi təfəkkürün, analitik qabiliyyətin inkişaf etdirilməsi məqsədilə yeni bir fənnin yaradılması zəruridirmi?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin 8-ci bəndində ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələrdən bəhs edilir:

“Qeyd olunur ki, təfəkkürlə bağlı səriştələr (o cümlədən tənqidi və məntiqi təfəkkür) də onlardan biridir. Sənəddə qeyd edildiyi kimi, “səriştələr ümumi təhsil pilləsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır”, yəni hər bir fənnin məzmunu tənqidi və məntiqi təfəkkürü birbaşa və ya dolayısı ilə formalaşdırır. Xüsusi fənnin tədrisi planlaşdırılmır. Lakin ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə dərsdənkənar məşğələlərdə “Məntiq” kursu keçirilə bilər. Bu zaman məşğələlərin proqramı ümumi təhsil müəssisəsinin aidiyyəti təhsilverənləri tərəfindən hazırlanır, məktəbin direktoru tərəfindən təsdiq edilir”.

Nuranə Daxilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO