Fevralda müşahidə olunan yaz havasının kənd təsərrüfatına ZƏRƏRLƏRİ – AÇIQLAMA

Hazırda oxunan: Fevralda müşahidə olunan yaz havasının kənd təsərrüfatına ZƏRƏRLƏRİ – AÇIQLAMA

177772

Bir həftədir ki, dünyada və ölkəmizdə anomal istilər müşahidə olunur. Son bir neçə gündə respublikamızın Aran bölgəsində və Abşeron yarımadasında 22-23 dərəcə isti müşahidə olunur. 

Adətən yanvar-fevral ayları ölkəmizdə çox sərt keçir. El arasında “Kiçik çillə” adlandırılan fevral ayı daha soyuq hava şəraiti ilə yadda qalırdı. Ümumilikdə isə qışın qarlı keçməsi hər zaman müsbət hal kimi qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Müşahidə olunan isti havaların kənd təsərrüfatına ziyanı AÇIQLANDI


Mütəxəssislərin fikrincə, qışda qar nə qədər çox yağsa, insanlar arasında yoluxucu xəstəliklər, xüsusən də qrip az olur. Qarın çox yağması havanı təmizləyir və su bolluğu yaradır. Bir sözlə qışda qarın çox yağması və sərt keçməsinin faydası daha çoxdur.

Bəs, fevralda havanın isti keçməsinin hansı fəsadları var?

Məsələ ilə bağlı aqronom Qəhrəman Qəhrəmanovla həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu vaxtlar havaların normal temperaturdan yuxarı olması bir çox fəsadlar yaradır:

“Belə havalarda torpaq “qış yuxusundan tez oyanır”. Nəticədə, əkinçilik və bitkiçilik ciddi ziyan görür. Belə havalar kənd təsərrüfatı üçün heç də arzuolunan deyil. 

Məsələn, quraqlıq payızda əkilən taxılın suvarılmasını zəruri edir. Bir çox fermerlərinsə buna imkanı olmur. Suvarılmayan zəmilərdə quraqlıq olur. Nəticədə, əkinlər quruyaraq məhv olur, həm də gəmiricilər daha tez torpağın üzərinə çıxmağa başlayırlar. Gəmiricilər isə taxıl zəmilərinin qənimidir.

Bundan başqa, havaların isti keçməsi ağacların daha tez oyanmasına səbəb olur. Nəticədə, fevral ayında bəzi ağaclar nəinki tumurcuqlayır, hətta çiçək də açır. Amma mart ayındakı küləkli soyuq hava həmin cücərtiləri məhv edir. Belə olan halda, anomal istilər həm əkinçilikdə, həm də meyvəçilikdə məhsuldarlığın azalmasına səbəb olur”.

Aqronom onu da qeyd edib ki, qışın sərt keçməsi çox əhəmiyyətlidir:

“Qarlı, şaxtalı havada həşaratlar məhv olur. Nəticədə, həşəratlar yazın ilk ayında ağaclara və bitkilərə daha az ziyan vururlar. “Qar torpağın yorğanıdır” - deyirlər. Qar torpağı münbitləşdirir. Təkcə torpağı yumşaltmır, həm də torpağın üst qatındakı alaq otlarını məhv edir.”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO